Türkiyədə yeni era başlayacaq, siyasi elita hazırlıq görür

“Türkiyədə 31 mart yerli idarəetmə qurumlarına keçirilən seçkilərlə siyasi sistem dəyişikliklərinə start verildi. Seçkiləri ana müxalifət partiyası – CHP üstünlüklə tamamladı. Onların 5 böyük şəhərdəki (İstanbul, Ankara, İzmir, Bursa, Antalya) qalibiyyəti xüsusilə diqqətəlayiqdir”.

 

Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə deyib.

 

Ekspert vurğulayıb ki, Türkiyədə ciddi siyasi dəyişikliklər gözlənilir: 

 

WhatsApp Image 2024-04-01 at 5.50.17 PM.jpeg (81 KB)

 

“Belə bir tarixi ənənə var: İstanbula kim hakimsə, Türkiyəyə də o hakimdir. Ərdoğan Baş nazir olmadan öncə (1994-1999-cu illərdə) İstanbul bələdiyyəsi başkanı idi. 2019-dan bəri isə İstanbulda üstünlük CHP-dədir və bələdiyyə başkanı CHP-li Ekrem İmamoğludur. O, 31 martda yenidən 51% səslə seçildi. Maraqlısı odur ki, İngiltərədən BBC belə başlıq paylaşıb: “Ekrem İmamoğlu üçün milli bir kader formalaşır”. ABŞ-ın “New York Times”ı isə “çox sayda türk İmamoğlunu potensial prezidentliyə namizəd olaraq görür” deyə iddia edir.

 

Görünür, həm ölkə daxili, həm də xarici qüvvələr, o cümlədən, iqtisadi və siyasi elita Türkiyədə ciddi dəyişikliyə hazırlaşır”.

 

Ekspert Ərdoğanın ən son prezident seçkilərindəki qalibiyyətindən sonra “Mənim üçün bu bir finaldır” açıqlamasını xatırladaraq baş verənlərin gözlənilən olduğunu qeyd edib:

 

“2023-cü ilin may ayında Türkiyədə genel (prezident və parlament) seçkilərində Rəcəb Tayyip Ərdoğan 52,14% səslə prezident seçilmişdi. Lakin o, 2024-cü ilin mart ayında təşkil olunacaq yerli idarəetmə qurumlarına seçkilərdən öncə belə bir ifadə səsləndirmişdi: “Qanunun mənə verdiyi hüquqla bu seçki mənim son seçkimdir, çıxacaq nəticə məndən sonra gələcək qardaşlarım üçün bir əmanətin təslimi dövrü olacaq” demişdi. Bu ifadə tam aydın şəkildə göstərir ki, qarşıdakı dövrdə hakimiyyət dəyişəcək. Bu, həm prezidentin dəyişməsi, həm də partiyalardaxili dəyişikliklərin yaşanması demək olacaq. 

 

Ümumiyyətlə, Türkiyə dərin dövlətçilik sistemi olan, siyasi sistemi daima yenilənən bir ölkədir. Burada siyasi partiyaların çoxluğu vahid sistemin işləyişinə xidmət edir. Təbii ki, bölücü güclərin siyasi olaraq təşkilatlandığı partiyalar da var ki, onlar da sistem tərəfindən çıxdaş edilmir. Əksinə, 2012-də təsis olunan HDP (PKK ilə bağlantısı iddia edilir və rəhbəri həbsdədir) belə sistemdə təmsil olunur. Məsələn, 31 mart seçimlərində 10 bələdiyyəni, yəni 10 ili (iqtisadi rayonu) qazanan DEM partiyası var ki, bu partiya, əsasən, yaşıllar və sol partiyanın birləşməsindən təsis olunub (əvvəl HEDEP adlanıb, HDP ilə bənzər olduğundan 2023-də bu adı alıb). Maraqlısı odur ki, HDP başkanı Dəmirtaş 2014-cü il genel seçkiləri, 2015-ci il bələdiyyə seçkilərində DEM-i dəstəkləmişdi və iddia etmişdi ki, HDP bağlanarsa, 2023-cü il prezident seçkilərinə öz namizədləri ilə DEM partiyası vasitəsilə qatılacaqlar (nəticə: qatılmadılar). Göründüyü kimi, solçuların üstünlük təşkil etdiyi partiyalar Türkiyədə artmaqda və idarəçilikdə çoxalmaqdadırlar. Məsələn, 2019 bələdiyyə seçkilərində 5 ili (onlardan 3-ü böyük şəhər) qazanan HDP, 2024-də DEM 7 ili (onlardan 3-ü böyük şəhər) qazanıb. Həmçinin 2019-da AKP 24 ili (onlardan 15-i böyükşəhər) qazanmışdısa, 2024 mart seçkilərində qalib gəldikləri il sayı 2 dəfə azalaraq 12, böyükşəhər sayı da 12 olub”.

 

Ş.Cəlilzadə Türkiyə prezidentlərinin hakimiyyətdə olduqları illərə də diqqət çəkib:

 

“Türkiyədə prezidentlərdən ən çox hakimiyyətdə olanı Cümhuriyyətin qurucusu Atatürk idi (15 il). Ərdoğan 2028-ci ilədək hakimiyyətdə qalarsa, bu, onun 14 illik prezident olaraq hakimiyyətdə olması demək olacaq. Halbuki, İnönü (11 il), Celal Bayar (10 il) istisna, digərləri, əsasən, 7 il (və cəmi 1 dönəm) prezident olublar. Odur ki, siyasi sistemin özü artıq dəyişiklik tələb edir. Bütün bunları ümumiləşdirsək, iddia etmək olar ki, qarşıdakı seçkilərdə AKP və CHP adayları yarışacaq, bu şəxslər isə müxtəlif resurslarda adı çəkilən Ərdoğanın namizədləri keçmiş Milli İstihbarat Təşkilatı başkanı və hazırkı XİN Hakan Fidanla hamımızın yaxşı tanıdığı Səlçuk Bayraktar, həmçinin CHP-nin namizədləri Ekrem İmamoğlu ilə Mansur Yavaş ola bilər. Qərb media resurslarının paylaşımları onların CHP namizədlərindən yana olacağını, dərin dövlət ağlının isə Ərdoğanın varisi üzərində fokuslanacağını iddia etməyə əsas verir”.

 

Mənbə

Share: