Türkiyədən Azərbaycana fateh qılıncı jesti, dünyaya tarixi xatırlatma

Prezident İlham Əliyevə İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisi hədiyyə olunub. Hədiyyəni Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım iyunun 16-da İlham Əliyevin qəbulunda olarkən təqdim edib.

Binəli Yıldırım dövlət başçısına xatirə hədiyyəsini təqdim edərək bildirib ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident İlham Əliyevə hədiyyə olunur.

Bu, çox incə düşünülmüş və strateji bir addımdır. Türkiyə dövləti bununla təkcə siyasəti, diplomatiyası, şüarları deyil, silahı, hərbisi, ordusu ilə Azərbaycanın yanında olduğunu, daha doğrusu Azərbaycanda olduğunu dünyaya göstərdi. Bu davranış “Tək dövlət – tək qılınc(ordu)” deməkdir.

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Fateh Sultan Mehmed Türkiyə üçün bir dəyər, müqəddəslik simvoludur. Bu gün Türkiyənin mövcudluğunun mənbəyində Fateh Sultan Mehmedin missiyası durur. Buna görə də simvolik hədiyyəni Prezident İlham Əliyevə təqdim etmək həm də Qarabağa baxışın göstəricisidir. Yəni, Türkiyədə Qarabağ zəfərinə İstanbulun fəthi qədər möhtəşəm hadisə kimi baxılır. Dünya masştabında İstanbulun fəthinə bərabər hansısa hadisə tapmaq çox çətindir.

Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil”

Fazil Mustafa: “Türkiyədə Qarabağ zəfərinə İstanbulun fəthi qədər möhtəşəm hadisə kimi baxılır”

Beləliklə, bu jest onu göstərir ki, Türkiyədə Qarabağ zəfərinə, Şuşanın, digər torpaqlarımızın işğaldan azad olunmasına böyük dəyər verilir. Həm də həmrəylik duyğusu ilə bunu nə qədər böyük missiya olaraq gördüklərini ortaya qoyurlar.

Fateh Sultan Mehmed təkcə qılıncı ilə deyil, həm də zəkası, diplomatiyası ilə uğur qazanırdı. Ölkə Prezidenti İlham Əliyev də Qarabağ savaşında “Dəmir yumruq”dan başqa həm də diplomatiyası ilə uğur qazandı, zəkası ilə bir çox məsələlərin, təhlükələrin ortadan qalxmasına nail ola bildi. Hesab edirəm ki, bunu əsaslandıraraq ölkə Prezidentimizə həmin qılınc hədiyyə olunub”.

“M5 Müdafiə və Strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi, hərbi analitik Alp Arslan İmamqulu isə qeyd etdi: “Vətən müharibəsində Azərbaycan xalqı son yüz ildə ilk dəfəyə məxsus olaraq haqqı olan işğal edilmiş ərazilərinin bir qismini düşməndən azad etdi. Bundan əvvəlinə baxsaq biz, dəngə siyasəti adı altında düşmənləri qarşısında gözü qırpıq davranan və keçmişini rahatlıqla unutdura biləcək xalq olaraq tanınırdıq. Çünki bir zamanlar atalarından 3 500 000 kv km miras qalmış bir vətəni 86600 kv km qədər kiçiltmiş və onun da 20 % qədərini düşmənə zəbt etdirmiş bir millətə başqa şəkildə baxıla bilməzdi. Nəhayət, 2020-ci ildə bir dönüş nöqtəsi başladıldı.

Məhz o zaman soyqırım qurbanlarının qisası alınacaq”

Alp Arslan İmamqulu: “Türkiyə kimi sözdə deyil, əməldə yanımızda olan strateji müttəfiqlərimizin varlığı mühümdür”

Amma bu son olmamalıdır. İmperialist və işğalçı niyyətli cəmi həmsərhəd qonşularımıza hədlərini bildirmə zamanıdır. Amma bunun üçün içdən 5-ci kolon ünsürlərdən təmizlənmə çox önəmlidir.

Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımın Ali Baş Komandanımıza Fatih Sultan Mehmedin qılıncının protitipini hədiyyə etməsi isə ciddi bir mesajdır. Bu qılınc o sultanındır ki, onun ən yaxın məsləhətçisi Azərbaycan türkü olmuş, orduları Şərqdən Qərbə yurdumuzdan axınlar etmiş və İstanbulu vətən edərək Fatih tituluna layiq görüdmüşdür. Bu gün tarixdən üzümüzə yaxılan utanc pərdəsini yırtan biz Azərbaycan türklərinin Fatih Sultan Mehmed timsalında şimala, cənuba, qərbə axınlar edə biləcək gücdə qüdrətli bir dövlət olma zamanıdır. Atalarımızın bir zamanlar mövcud olduğumuz coğrafiya da daxil olmaqla Səlcuqlu, Səfəvilər, Əfşarlar, Qacarlar, Azərbaycan Xalq Cümhuriyyəti kimi ərazilərdə daha böyük dövlətlər qurduğunu unutmamalı və mirasımıza sahib çıxmalıyıq. Çıxdığımız yol məşəqqətlidir və bu çətin davada Türkiyə Respublikası kimi sözdə deyil əməldə yanımızda olan strateji müttəfiqlərimizin varlığı mühümdür”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Share: