Türmədə olan Ramin Hacılı yenidən həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz miqrasiyayada ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İstintaqla müəyyən edilib ki, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Prosesdə vəsatət qaldıran təqsirləndirilən şəxs Ramin Hacılı bildirib ki, o, hazırda başqa maddə ilə təqsirləndirilir və Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir: “Mən hazırda həbsdəyəm və barəmdə olan hökmdən verilmiş apellyasiya şikayəti də təmin edilməyib. Ona görə də cəza çəkdiyimi nəzərə alaraq xahiş edirəm ki, məhkəmə istintaqı barəmdə həbs qətimkan tədbiri seçilməsin. Mənimlə birlikdə tutulan şəxslər hazırda azadlıqdadır”.

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra hazırlıq iclası başa çatıb və iş üzrə məhkəmə baxışı iyunun 8-nə təyin olunub.

Məhkəmə, həmçinin, R.Hacılının hazırda cəza çəkdiyi üçün onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Share: