İnfaq odur ki, insan hansısa malı Allahı razı salmaq üçün yoxsula bağışlasın. İnfaq o fəzilətli sifətlərdəndir ki, insanın günahlarının bağışlanmasına səbəb olar. “Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır”. (“Bəqərə” 271).
İnfaq – əslində Allahla ən sərfəli ticarət etməkdir. “Şübhəsiz, Allahın Kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər – əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar ki, Allah onların mükafatlarını mükəmməl şəkildə əta etsin”. (“Fatir” 29-30).
Bu ayədə iki mühüm saleh əməldən söz açılmışdır: biri namazdır, biri isə infaqdır.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “O kəsin ki, əvəz verilməsinə yəqini olar, infaq etməkdə səxavətli olacaqdır”. İnsan o zaman ki, başa düşər infaq etməyin ona faydaları vardır və savab şəklində ona tərəf qayıdacaqdır – bu zaman infaq etməkdə daha səxavətli olacaqdır.
İnfaq insana həm dünya və həm də axirət faydaları çatdırar. İnsanın günahlarının bağışlanmasına səbəb olar, insanda güzəşt hissini gücləndirər, fədakarlıq hissini gücləndirər, dostluq və qardaşlıq hissini gücləndirər. (Beytutə)
“Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 274).
“Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92).
Allah Təala bu gözəl sifətə yiyələnməyi bizlərə nəsib etsin!
Milli.Az