ÜST Bakıda simpozium keçirir

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 11-14 dekabr tarixlərində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və TƏBİB-lə əməkdaşlıqda təşkil etdiyi “Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan Simpoziumu”nun açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, simpoziumun məqsədi dünyada tibb bacısı və mamalıq təcrübəsi və təhsilində yenilik, islahat və dəyişiklikləri bölüşmək, həmçinin, ÜST-nin “Tibb bacısı və mamalıq üzrə qlobal strateji istiqamətlər”ində müəyyən edilmiş sahələr üzrə Azərbaycanda tibb bacısı və mama işinin vəziyyətini müzakirə etməkdir.

 

Açılış mərasimində ÜST-nin eksperti Dr. Halil İbrahim Durak, Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin müdiri Dr. Fazil Hüseynbəyov, İTSDA-nın Analitika və Statistika Şöbəsinin müdiri Dr. Rəşad Çobanlı, TƏBİB-in icraçı direktorunun müavini Dr. Anar İsrafilov və Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə Fakültəsinin dekanı Dr. Anar Ağayev çıxış edib. Simpoziumun iştirakçıları tibb bacısı və mamalar, elm adamları, tələbələr və qərarverici şəxslər, o cümlədən ÜST-nin Avropa Regionun müxtəlif ölkələrindən gəlmiş ekspert və tibb bacılarıdır.

 

Simpozium çərçivəsində “Tibb bacısı və mamaların göstərdiyi xidmətlər və vəzifələri” (12 dekabr), “Tibb bacısı və mamalıq təhsili” (13 dekabr) və “Liderlik” (14 dekabr) mövzularında 3 panel müzakirəsi keçiriləcək ki, bu müzakirələr ÜST Azərbaycanın Facebook səhifəsində saat 09:00-dan etibarən canlı yayınlanacaq. Simpozium ərzində, həmçinin müxtəlif forum və təlim kursları baş tutacaq. 12 mövzuda keçirilən kurslarda 300-dən çox azərbaycanlı tibb bacısı və mama iştirak edəcək.

 

Simpozium tibb bacısı və mamalar, ekspertlər və qərarverici şəxslər arasında fikir mübadiləsinin genişləndirilməsi, eləcə də yerli, regional və beynəlxalq səviyyələrdə tibb bacıları və mamalar arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin gücləndirilməsinə yardımçı olacaq.

Mənbə

Share: