Xətai rayonunda Novruz bayramı qeyd edilib FOTO

Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl və əziz bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz bayramı paytaxt Bakının Xətai rayonunda da təmtəraqla, özünəməxsus gözəlliklə qeyd olunub.

Martın 20-də Xətai rayonunda təşkil olunan bayram tədbirində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları rəqs, idman səhnələrinə, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa etdilər.

Tədbirin əvvəlində Vətən müharibəsi qaziləri möhtəşəm Novruz tonqalını alovlandırıblar.

Daha sonra Novruz bayramına həsr olunan musiqili proqram başlayıb. Azərbaycan estradasının tanınmış ifaçıları Aynur Dadaşova, Rüfət Axundov, Aysel Əlizadə Səidə Dadaşova, Nur Cəfərli, Tərlan Novxanı və başqaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər. Rəqqasə Fatimə Fətəliyevanın təqdim etdiyi milli rəqs kompozisiyası da maraqla qarşılanıb.

Tədbirdə şəhid atası, Xalq artisti Əli Nur çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, müdrik siyasətdən və böyük sərkərdəlik məharətindən danışıb. O, Ali Baş Komandana və Baharın gəlişinə həsr olunmuş şeirlər səsləndirib.

Tədbirdə aralarında Vətən müharibəsi qazilərinin də olduğu Xətai İdman Klubunun idmançıları, həmçinin xalq pəhləvanı Əliyar Musayev cəngi sədaları altında müxtəlif idman hərəkətləri ilə öz güclərini göstəriblər.

Konsert proqramı tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Share: