Xankəndində atası azərbaycanlı olan general haqda “cinayət işi” qaldırıldı…

Qarabağdakı  separatçı-terrorçu qurumun qondarma “təhlükəsizlik xidmətinin”  keçmiş  direktoru general Kamo Ağacanyana qarşı “dövlətə” əmlak ziyanı vurmaq ittihamı ilə cinayət işi başlanıb.

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu barədə separatçı rejimin qanunsuz “prokurorluğu” məlumat yayıb. 

Cinayət işi Hetq.am saytının “Kamo Ağacanyana yenidən Artsax hökumətində yer vermək istəyirlər” başlıqlı məqaləsində onun fəaliyyətinin epizodlarından birini təsvir edən məlumat əsasında açılıb.

Məqalədə deyilir ki, Hadrut şəhərində 44 günlük müharibədən əvvəl Kamo Ağacanyanın ailəsinə məxsus “AK” restoranı fəaliyyət göstərirdi. Restoranda onun yaxın dostu Aşot Amircanyan işləyib – o, Kamo Ağacanyanın vəzifədə olduğu bütün dövr ərzində qeydiyyatda olub və müxtəlif dövlət orqanlarından maaş alıb – əvvəlcə qondarma “müdafiə ordusu”ndan, sonra isə  Ağacanyanın Gorus korpusuna komandanlıq etdiyi zaman Ermənistan Müdafiə Nazirliyindən, daha sonra isə Xankəndindəki qondarma polisdən.

Xatırladaq ki, bu  günlərdə Xankəndindəki “siyasi dairələr” iddia edib ki, 2020-ci il mayın 29-da Azərbaycan torpağındakı separatçı-terrorçu rejimin qondarma “milli təhlükəsizlik xidməti”nin qanunsuz direktoru vəzifəsinə təyin edilən və II Qarabağ müharibəsindən sonra bu vəzifəsindən azad edilən general-mayor Kamo Ağacanyan yenidən Xankəndində güc strukturlarından birinə rəhbər təyin oluna bilər. Söhbət qondarma “polis” rəisi və “milli təhlükəsizlik xidməti”nin direktoru vəzifələrindən gedir.

Onu da xatırladaq ki, Moderator.az hələ 44 günlük müharibədən öncə Qarabağdakı separatçı rejimin “polis” rəisi olan general Kamo Ağacanyanın atasının azərbaycanlı olması haqda geniş araşdırma vermişdi(bax://www.moderator.az/news/327428.html ).

Sultan Laçın

Mənbə

Share: