Xaricdə təhsil alan deputatlar: Kim hansı universiteti bitirib…

 

2020-ci ildə formalaşan 6-cı çağırış Azərbaycan parlamentində təkcə yerli universitetlərdə deyil, xaricdə təhsil alan deputatlar da təmsil olunur.

Milletinsesi.az Milli Məclisin rəsmi saytında yer alan məlumatlar əsasında deputatların harada təhsil aldıqlarını araşdırıb.

Məlum olub ki, parlamentarilərin əksəriyyəti ali təhsil almaq üçün xaricə üz tutublar. Onların arasında Rusiyada oxuyanlar çoxluq təşkil edir. Sonrakı yerlərdə ABŞ, Türkiyə və digər Qərb ölkələri gəlir.

Xaricdə təhsil alan deputatların siyahısını təqdim edirik:

Sahib Alıyev Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, Əməkdar jurnalistdir, rus və alman dillərini bilir.

Vüqar Bayramov Amerikada təhsil almış azsaylı deputatlardandır. O, Vaşinqton Universitetinin İqtisadiyyat fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 37 elmi məqalənin müəllifidir, ingilis və rus dillərini bilir.

Kamal Cəfərov Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili alıb, daha sonra London Kral Universitetinin Beynəlxalq vergi hüququ üzrə magistraturasını, Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Antikorrupsiya elmləri üzrə magistr proqramını fərqlənmə diplomları ilə bitirib. İngilis, rus və fransız dillərini bilir.

Müşfiq Cəfərov da təhsilini xaricdə alan deputatlar sırasındadır. O, ilk olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat fakültəsinin Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr pilləsini, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirib. Eləcə də ABŞ-ın Minnesota Universitetinin Dövlət idarəçiliyi təhsil kursunu keçib. “Tərəqqi” medalı ilə təltif edilib, rus və ingilis dillərini bilir.

Xanım deputat Tamam Cəfərova isə Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib, tarix üzrə fəlsəfə doktorudur. “Tərəqqi” medalı ilə təltif edilib və rus, ingilis dillərini bilir.

Qubanın deputatı Vahid Əhmədov ilk olaraq Azərbaycan Politexnik İnstitutunun Metallurgiya istehsalının avtomatlaşdırılması fakültəsini bitirib. Daha sonra Bonn Menecment İnstitutunda təhsil alıb. “Şöhrət” ordeni ilə təltif edilib. Əməkdar mühəndisdir, onlarla kitab və məqalənin müəllifidir.

Milli Məclisin sədr müavini Adil Əliyev Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının Mühəndis-şturman fakültəsini, Azərbaycan Polis Akademiyasını və BDU-nun magistraturasını bitirib. Hüquq üzrə fəlsəfə doktorudur, “İgidliyə görə” medalı ilə təltif edilib, 1 monoqrafiyanın müəllifidir.

Bəxtiyar Əliyev də Rusiyada təhsil alan deputatlar sırasındadır. O, Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirib. Psixologiya elmləri doktoru, professordur. Bundan əlavə, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür. “Şöhrət” ordeni ilə təltif edilib. 15 monoqrafiya və dərsliyin, 225 elmi məqalə və məruzə tezislərinin müəllifidir. Elmi rəhbərliyi ilə 42 nəfər elmlər doktoru və fəlsəfə doktoru hazırlanıb. Rus və ingilis dillərini bilir.

Deputat Emin Hacıyev əvvəlcə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, daha sonra Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatiya Akademiyasını bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. “Tərəqqi” medalı ilə təltif edilib, rus və ingilis dillərini bilir.

Şəmkirdən seçilən gənc deputat Nurlan Həsənov Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Almaniyanın Bremen Universitetinin Hüquq fakültəsinin Alman hüququ və müqayisəli hüquq ixtisası üzrə magistr pilləsini bitirib. Bremen Universitetinin Hüquq fakültəsində doktorluq elmi işi müdafiə edərək hüquq doktoru elmi dərəcəsi alıb. 2 kitabın müəllifidir. Alman və ingilis dillərini bilir.

Məlahət İbrahimqızı Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Harvard Universitetinin Kennedi Proqramının İctimai səhiyyə, Qadın və hakimiyyət kurslarında təhsil alıb. Tarix üzrə fəlsəfə doktorudur. Qadın hüquqlarına dair 5 kitabın müəllifidir, “Şöhrət” ordeni ilə təltif edilib. İngilis və rus dillərini bilir.

Azər Kərimli Moskvada təhsil alan deputatlarımızdandır. O, Moskva Yüngül Sənaye Texnologiya İnstitutunun Dəri məmulatının texnologiyası fakültəsini bitirib, rus və ingilis dillərini bilir.


Azay  Quliyev ilk olaraq Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda “Beynəlxalq dövlət idarəçilik proqramı” üzrə təhsil alıb. Siyasi elmlər üzrə fəlsəfə doktorudur, ingilis və rus dillərini bilir. A. Quliyev deputat fəaliyyəti ilə yanaşı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədridir.

Rüfət Quliyev Azərbaycanda yeganə deputatdır ki, Ukraynada ali təhsil alıb. O, Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib, iqtisad elmləri doktoru, professordur. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 300-dək elmi əsər və məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.

Rəşad Mahmudov Türkiyədə təhsil alıb. O, 9 Eylül Universitetini, daha sonra Ege Universitetini bitirib. Əməkdar həkim, tibb elmləri doktorudur. “Tərəqqi” medalı ilə təltif edilib, Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb. 20-yə qədər beynəlxalq konfransın təşkilatçısı, Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 3 kitabın, 80-ə yaxın elmi məruzə və məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilk ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində alıb. Daha sonra Oksford Universitetində “İqtisadiyyat və siyasət” xüsusi proqramı üzrə təhsilini davam etdirib. O, iqtisad elmləri üzrə fəlsəfə doktorudur, “Tərəqqi” medalı ilə təltif edilib,1 monoqrafiya və 9 elmi məqalənin müəllifidir. İngilis, rus və alman dillərini bilir.

Ceyhun Məmmədov isə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Beynəlxalq İslama Dəvət Kollecini və Xəzər Universitetinin Humanitar fənlər fakültəsini bitirib. İlahiyyat üzrə fəlsəfə doktorudur, 2 kitabın müəllifidir. Ərəb və rus dillərini bilir.

Moskvada təhsil alan digər deputat Arzu Nağıyevdir. O, Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ali kurslarını qırmızı diplomla bitirib.

Milli Məclisin poliqlot deputatlarından sayılan Razi Nurullayev Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsini, Cənubi Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsini bitirib. Rus, ingilis, fransız və alman dillərini bilir.

Könül Nurullayeva isə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. Hazırda İsveçrənin Biznes Universitetində MBA proqramı üzrə təhsil alır.

Səməd Seyidov Leninqrad Dövlət Universitetinin Psixologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Psixologiya elmləri doktoru, professordur. Fransa Respublikasının “Fəxri legionun kavaleri” rütbəsinə layiq görülüb. 150-dən çox elmi əsər, dərs vəsaiti, monoqrafiya və kitabın müəllifidir. İngilis, fransız və rus dillərini bilir.

Nizami Səfərov Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Daha sonra Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin aspiranturasında və Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun doktoranturasında təhsil alıb. Hüquq elmləri doktorudur. 2-ci dərəcə dövlət müşaviridir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Deputat İltizam Yusifov da Rusiyada ali təhsil alıb. Belə ki, o, Moskva Energetika İnstitutunun Avtomatika və telemexanika fakültəsini bitirib.  Texnika üzrə fəlsəfə doktoru, Əməkdar mühəndisdir. Rus və ingilis dillərini bilir.

Mənbə

Share: