Xartumda müxalifətin çadır düşərgəsi dağıdılarkən ölənlərin sayı 12-yə çatıb

Sudanın paytaxtında hərbçilərin müxalifətin çadır düşərgəsini dağıtması nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb.

Sudan ordusu bu gün səhər Baş komandanlığın mənzil-qərargahı önündəki çadır düşərgəni dağıtmağa başlayıb. Etirazçılara odlu silahdan atəş açılıb.

AZƏRTAC bu barədə Sky News Arabia telekanalına istinadla xəbər verir.

Bu arada Sudanın Hərbi Şurası 48 saat ərzində müxalifətlə dialoqu bərpa etməyə hazır olduğunu bildirib. Bundan əlavə, ölkənin güc strukturları artıq iki aydır ki, Baş komandanlığın mənzil-qərargahı önündə davam edən oturaq etiraz aksiyasının güc tətbiq etməklə dağıdılması barədə məlumatı təkzib edib. Onların sözlərinə görə, paytaxtın mərkəzində aksiyanın keçirildiyi meydana cinayətkar qruplaşmalar soxulduğu üçün ora hərbçilər göndərilib.

Lakin müxalifət Hərbi Şuranın iddialarına inanmayaraq, bu orqana “etimadin itdiyini” bildirib. Ölkənin müxalif “Əl-Ümmə” partiyası “Hərbi Şuranın bundan sonra inqilab iştirakçısı olmadığı” barədə bəyanat yayıb və öz tərəfdarlarını “Azadlıq və dəyişikliklər uğrunda” alyansının elan etdiyi vətəndaş itaətsizliyi aksiyasına qoşulmağa çağırıb.

Hazırda toqquşmaların baş verdiyi meydan tam bağlanıb, ora gedən yollarda ordu hissələri yerləşdirilib. Minlərlə sudanlı Xartumun və ona bağlı Omdurman şəhərciyinin küçələrinə çıxaraq avtomobil yolları və körpülər üzərində barrikadalar qurub. Hüquq-mühafizə orqanları və etirazçılar arasında yeni toqquşmaların baş verdiyi bildirilir.

Share: