Xocalıdan olan “qadının qışqırtısı hələ də qulağımdadır”

“32 il əvvəl Xocalı soyqırımı ilə bağlı fotoları çəkdiyim günlər məndə dərin iz buraxıb. Mən hadisələr zamanı ancaq faciənin dünyaya çatdırılmasını düşünürdüm. Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmaq mənim ən böyük niyyətim olub”.

 

Bunu dünyaca tanınmış fotoqraf Reza Deqati Moderator.az-a bildirib.

 

“90-cı illərdə Xocalıda və Qarabağda baş verən hadisələrin canlı şahidinə çevrildim. Azərbaycanın belə günündə biganə qala bilməzdim. O dönəmlər Azərbaycana gəlmək çox çətin idi. Sanki yaşananları öz gözümlə görmək üçün Allah mənə kömək edirdi. Biz Azərbaycana Moskvadan gəlirdik, ancaq rus əsgərləri bizə viza vermirdi. Xarici media nümayəndəsi kimi də gəlməyə ixtiyar verilmirdi.  Bir çox tanınmış xarici media nümayəndələri də  Azərbaycana gəlmək istəyirdi. Azərbaycanlı dostlarım məni qatarda gizlədərək Bakıya gətirdilər. Moskvadan Bakıya 48 saatlıq yolu gizlənərək gəlib,  özümü paytaxta yetirdim. O zaman şəhərdə güclü yoxlanış var idi. “20 Yanvar” hadisələri zamanı mən Bakıda idim. Şəhərdə nəzarət gücləndirilmişdi.   Küçələrdə rus əsgərləri hər kəsə nəzarət edirdi. Həmin illər heç kimin fotoaparatı yox idi.  Əsgərlər kimin əlinə nə görürdülərsə əlindən alırdılar. Bakının arxa tərəfində rus tankları vardı. Mən də o mənzərəni çəkməyə çalışırdım. Ancaq heç bir şərait yox idi. Vəziyyəti belə gördükdə tankların olduğu məhəllədə bir evə girdim. Ev  paltarı geyinib, əlimə dəsmal aldım, özümü elə göstərdim ki, guya pəncərəni təmizləyirəm. Paltarın altında isə fotoaparatla tankları çəkirdim. Çox çətin illər idi… 20 Yanvar gecəsi həlak olan vətəndaşları dağ üstü parkda  dəfn etməyə gətirirdilər(Dağüstü parkın əvvəlki şəkillərini göstərir. Birdən bir qadın rəsmi qarşısına çıxır, şəkli mənə uzadıb, danışır-X.R.). Orda bir qadın vardı, oğlunu dəfn etmişdilər.  Qadın günlərlə o məzarın başından getmirdi.  Deyirdi ki, burda uzanacam məni oğlumun yanında  basdırarsınız. Qadın oğlundan  sonra yaşamaq istəmirdi”.

“Mən Xocalı faciəsinin xəbərini Fransada olan zaman aldım və dərhal oraya yollandım. Bu dəhşətli soyqırımı zamanı ciddi informasiya müharibəsi var idi. Erməni lobbisi bütün dünyaya bu faciəni fərqli formada təqdim etmişdi. Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyinin şahidi oldum və onları fotolentimin yaddaşına köçürdüm. Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəmdir. Artıq ədalət öz yerini tapıb. 30 ilə yaxın vətən həsrətinə son qoyulub. İki ildir ki, “Xocalı şahidi” adlı veb-sayt yaratmışam. Saytın vasitəsilə həmin faciənin fotolarını dünyaya çatdırıram”.

Mənbə

Share: