Yaqub Zurufçunun xatirə gecəsi keçirilib

Tədbirdə müğəninin möhtəşəm ifası ilə müşayiət olunan “Ölmərəm daha!” klipi də təqdim edilib


Paytaxtın Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli, unudulmaz sənətkarı, məşhur “Ayrılıq” mahnısı və özünün ötən il gözlənilməz, qəfil ayrılığı ilə milyonlarla könülləri yandırmış Yaqub Zurufçunun xatirə gecəsi keçirilib.


Tanınmış sənətşünas, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri üzrə fəlsəfə doktoru Gülhüsen Kazımov tədbiri açaraq, Yaqub Zurufçu yaradıcılığından qısaca danışmış və  bildirmişdir ki, 1956-cı ildə Təbriz şəhərində dünyaya gələn Yaqub Zurufçu Təbrizin Milli Televiziyasında ilk dəfə 15 yaşında çıxış edərək, “Evləri var xana-xana”, “De, gülüm gəlsin, ay nənə”, “Dilbər” mahnılarını ilə tanınıb və sevilib. O, Azərbaycana ilk dəfə 1989-cu ildə Xalq artisti Gülağa Məmmədovun dəvəti, “Vətən” Cəmiyyətinin dəstəyi ilə gəlmiş, Azadlıq meydanında toplaşmış yüz minlərlə həmvətənləri qarşısında sevgi, ehtiram əlaməti olaraq, tribunada diz üstə çöküb, ürəklərə məlhəm olan “Ayrılıq” mahnısını oxumuşdu. O, bu gün də milyonların yaddaşında elə o cür də qalıb. 


Gülhüseyn Kazımov Y.Zurufçu sənətini yüksək dəyərləndirmiş, onun vəfatının ilk ildönümünüin igid Azərbaycan oğullarının Vətən yolunda şəhid olduğu ağrılı günlərə təsadüf etdiyini simvolik bir uyarlıq kimi diqqətə çatdırıb. Ona görə də Yaqub Zurufçunun xatirəsi qəhrəman şəhidlərimizin xatirəsi ilə birgə bir dəqiqəlik sükutla yad edilib.


Çıxışlardan əvvəl qalib Azərbaycan Ordusu tərəfindən azad edilmiş Cəbrayılda, Arazın iki sahilini birləşdirən, yüz illərllə xalqımızın gediş-gəliş, birlik körpüsü olan Xudafərində çəkilişi yaxın günlərdə başa çatdırılmış “Ölmərəm daha!” klipi nümayiş etdirilmişdir. Yüksək sənətkarlıqla yaradılmış filmin müəllifi, respublikanın tanınmış kinorejissoru Nizami Abbasov görkəmli sənətkarın arzu və ideyasına uyğun olaraq onun özünün və musiqi istedadının “rüşeymləri” boy atmaqda olan 11 yaşlı oğlu Atillanın qabaq-qarşı unikal videokadrlarının alınmasına ustalıqla nail olub. Videokadrlarda Yaqub Zurufçunun vaxtilə oğlu ilə birlikdə Təbrizin Ərk qalasını, Bakının Şəhidlər xiyabanını ziyarət etməsi onun öz övladını bütün varlığı ilə sevdiyi Vətənə, başı min bir bəlalar çəkmiş xalqımıza böyük məhəbbət ruhu aşılamasının təzahürü kimi tədbir iştirakçılarında kövrək duyğular oyatdı.  


Y.Zurufçunun həyat yoldaşı Aynur Zurufçu tədbirdə məclisin aparıcısının təklifi ilə çıxış edərək bildirdi ki, “Yaqub Zurufçu bütün varlığı ilə Azərbaycana, onun musiqisinə bağlı bir insan idi. O, dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini layiqincə təmsil edib. Çox xoşbəxtəm ki, mən Y.Zurufçunun həyatında varam və daim özümü onun yanında, eyni zamanda onu da öz yanımda hiss edirəm. Nə qədər bu həyatda varamsa, Y.Zurufçunun adına, yaradıcılığına sadiq olacağam və onun sevgidən yoğrulmuş oğlu Atillanı vətənimizə layiqli bir övlad kimi böyüdəcəyəm. İnanıram ki, Yaqub Zurufçunu sevənlər yalnız bu zaldakılar deyil, onu bütün xalqımız sevir və layiqincə dəyərləndirir”.


Respublikanın Xalq artisti Azər Zeynalov görkəmli sənətkarı ehtiramla yad edərək qeyd etdi ki, “Yaqub Zurufçunun səsində bir ruh dolaşır və o ruhun yaşamağa haqqı var. Yaqub bəy yaşamaqdan zövq alan bir insan idi. Onun “Ayrılıq” mahnısı Arazın hər iki sahilində yaşayan doğma, əziz insanları birliyə səsləyib. Yaqub Zurufçu uzun illər Vətəndən ayrı yaşadığı üçün həmin mahnını böyük ürək yanğısı ilə oxuyurdu”.


Dünya Azərbaycanlıları Konqresinin mədəniyyət məsələləri üzrə sədr müavini, 15 il Yaqub Zurufçu ilə birgə müxtəlif təşkilat və tədbirlərdə iştirak etmiş Xəzər Emin öz çıxışında bildirdi ki, “Y.Zurufçu tez-tez cəbhə bölgələrində əsgərlər üçün konsertlər verir, öz mahnıları ilə onları düşmən üzərində qələbəyə ruhlandırırdı. Elə şəxsiyyətlər var ki, onlar özlərindən sonra silinməz izlər buraxırlar. Yaqub Zurufçu məhz belə insanlardan idi. Onun sənəti ilə şəxsiyyəti vəhdət təşkil edirdi. O, Azərbaycanı bütün varlığı ilə, hədsiz  dərəcədə çox sevirdi, burada – bir vaxtlar atasının işləyib-çalışdığı Bakıda yaşamaq onun ən böyük arzusu idi”.


Cənub həsrətli unudulmaz Xalq şairimiz Söhrab Tahirin “Ölmərəm daha!” şeirinə Yaqub Zurufçunun bəstələdiyi mahnının müşayiəti ilə çəkilmiş filmi montaj etmiş kinorejissor Mübariz Nağıyev film üzərində aparılan yaradıcılıq işlərindən söhbət açaraq, bu şərəfli missiyanın görkəmli sənətkara böyük məhəbbət, minnətdarlıq hissi ilə yerinə yetirildiyini diqqətə çatdırıb.


Böyük vətənpərvər şair Söhrab Tahirin qızı Nəsibə Tahir söz alaraq, Yaqub Zurufçu ilə atasının səmimi dostluğundan söhbət açmış, görkəmli sənətkarın şairə böyük ehtiram bəslədiyini bildirmişdir.


Tədbirdə gənc rəssam Pəri Miniatür Aprel döyüşlərində şəhid olmuş general Polad Həşimovla Yaqub Zurufçunun portretlərini kətana birgə köçürdüyü şəkli əfsanəvi hərbçinin qardaşı İlham Həşimova bir xatirə olaraq bağışlamışdır.


Yazıçı və diplomat Xeyrəddin Qoca, şair Əkbər Qoşalı, tanınmış jurnalistlər Reyhan Mirzəzadə və Rəhman Orxan görkəmli sənətkarın intəhasız Vətən sevgisindən, öz mübariz ruhlu mahnıları ilə xalqımızın azadlıq hərəkatına dəstəyindən söhbət açmışlar. Qeyd edilib ki, azadlıq, müstəqillik arzusu ilə alışıb-yanan, Qarabağdakı tarixi Qələbəmizə  ürəkdən sevinən Yaqub Zurufçu vaxtilə uzun illər qəribçilikdə yaşasa da, onun Vətən sevgisi heç vaxt tükənməyib, bu sevgi onun bütün yaraıcılığına hopub. Elə bu səbəbdən də onun mahnıları gələcək nəsillərin yaddaşında, qəlblərində əbədi yaşayacaq.

Böyük sənətkarın anma mərasimi kimi yadda qalan xatirə gecəsində respublikamızın mədəniyyət və ictimaiyyət nümayəndələri, ölkənin bir sıra televiziya və mətbuat işçiləri, sənətkarın doğmaları və ailə üzvləri iştirak etmişlər.


Ertəsi gün Yaqub Zurufçunun xatirəsi məzarı ziyarət olunmaqla yad edilmiş, ruhuna dualar oxunmuş, qəbri üstünə gül-çiçək dəstələri düzülmüşdür.


Bəli, əsl sənətkarlar  unudulmur və heç vaxt da unudulmayacaq!


Qadir SULTANOV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mənbə

Share: