“Yasin İranın xüsusi xidmət orqanlarının əməkdaşıdır” – ŞOK AÇIQLAMA

İran Azərbaycan səfirliyinə edilən silahlı hücumla bağlı terror izlərini itirməyə çalışır. Səfirliyimizə “Kalaşnikov”la daxil olaraq, bir nəfərin ölümünə, daha iki nəfərin yaralanmasına səbəb olan terrorçu Yasin Hüseynzadənin ruhi xəstəxanaya yerləşdirilməsi bu niyyətdən irəli gəlir. Molla rejimi terrorçuya “dəli” damğasını vurmaqla, öz çirkin planının üzə çıxmasını əngəlləmə, bununla da hadisənin mahiyyətini təhrif etməyə can atır. Lakin ortaya çıxan suallar Tehranın “dəli oyunu”nu tamamilə ifşa edir.

 

Maraqlıdır, Yasin Hüseynzadə şizofrenikdirsə, onu efirlərə niyə çıxarmışdılar? Yaxud bu gün dəli dedikləri terrorçunun səsləndirdiyi fikirlər nə üçün İran rəsmilərinin çıxışlarında istinad mənbəyinə çevrilmişdi? Eləcə də soruşmaq lazımdır ki, illərlə molla rejiminin amansız təzyiqi altında yaşayan Yasin əlindəki silahı niyə Azərbaycan səfirliyinə tuşlamışdı? Axı deyildiyi kimi, onun psixi problemləri varsa, deməli, mətbuata verdiyi açıqlamalar da İranın hüquq-mühafizə orqanlarına şübhə doğurmalıdır. Lakin biz bunun əksini görürük..

 

Göründüyü kimi, ortada kifayət qədər ziddiyyətli məqamlar var.

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, terror birmənalı olaraq, İran dövlətinin hərbi siyasi rəhbərliyi, xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib. Yasin Hüseynzadə ilə bağlı hadisələr İranın təşkil etdiyi oyundur:

 

“Azərbaycanın İrandakı səfiriliyinə hücum terror aktıdır. Burada İranın xüsusi xidmət orqanlarının əli var. Terroru törədən yaramaz İranın xüsusi xidmət orqanlarının əməkdaşıdır. Araşdırma düzgün aparılsa, bu nəticə aşkara çıxacaq”.

 

Deputatın sözlərinə görə, İran hökuməti açıq-aşkar terrorçunu qoruyur:

 

“Terrorçunu əqli cəhətdən anormal olduğunu iddia edərək ruhi xəstəxanaya yerləşdiriblər. Molla rejimi bu gülünc addımı Azərbaycan dövlətinə qarşı törətdiyi terroru ört-basdır etmək üçün atıb. İndi onun əqli cəhətdən anormal olduğunu demələri oyundan başqa bir şey deyil. İranın bu addımı əslində bir daha onun terrorun arxasında olmasını sübut edir”.

 

E.Məmmədov vurğulayıb ki, terror aktında İranın əlinin olmasına dair ciddi dəlillər var:

 

“Terror törətmiş şəxsin əli-qolu açıq, sərbəst şəkildə televiziya kanalına müsahibə verməsi analoqu olmayan hadisədir. Bu, əslində, ilk anda terroru İran rejiminin təşkil etdiyini göstərdi. Əslində onun dərhal əli bağlanmalı idi. Televiziya kanallarının orada peyda olması da maraq doğurur.  Çünki terror törədilən müddətdə səfirliyi qorumalı olan İranın xüsusi xidmət orqanları yoxa çıxmışdı. Heç bir hərəkət etməmişdilər. Ancaq televiziyalar orada idi. Yeri gəlmişkən, Tehranın polis rəisi adlanan yaramaz da işdən azad edildi. Bununla onu cəzalandırmadılar. Əksinə onu mükafatlandırdılar ki, sən üzərinə düşəni yaxşı yerinə yetirdin”.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. 

 

İran hakimiyyəti terror aktını ört-basdır etmək üçün hadisənin guya ailə münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Lakin əldə olunan faktlar Tehranın saxta iddialarını tamamilə ifşa edib. Belə məqamda Y.Hüseynzadənin xəstəxanaya yerləşdirilməsi İran rejiminin terroru himayə etməsindən irəli gəlir.

Mənbə

Share: