Yaxın günlərdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Gürcüstan tərəf ilə zəruri texniki və əməliyyat işləri aparılır.
Bu barədə Milletinsesi.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir.
Görülən işlər nəticəsində qatarların tərkibinə mərhələli şəkildə 2 ədəd komfort və 5 ədəd standart+ sinif vaqon əlavə olunub. Nəticədə sərnişin vaqonlarının sayı vaqon-restoran nəzərə alınmadan 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Beləliklə, ilkin tutumla müqayisədə sərnişin yerlərinin sayı təqribən 120% artırılıb.
Marşrut üzrə müşahidə olunan yüksək doluluq dəmir yolu ilə beynəlxalq sərnişindaşımaya marağın artdığını göstərir. İndiyə qədər bu marşrut üzrə 23 000-ə yaxın sərnişin daşınıb. Qatarların doluluq göstəricisi 100% olub.
Gürcüstandan Azərbaycan istiqamətində tələbatın olduqca yüksək olması səbəbindən satışa çıxarılan biletlər çox qısa müddətdə alınır. Belə tələbat fərqi xüsusilə yay mövsümündə və bayram günləri ərəfəsində daha aydın müşahidə edilir.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satış dinamikasını, vaqonların doluluq səviyyəsini və sərnişin axınını mütəmadi olaraq təhlil edir. Bu təhlillərin nəticələrinə uyğun olaraq qatarların tərkibinin genişləndirilməsi və ya əlavə vaqonların istismara verilməsi və sərnişinlər üçün yeni imkanların yaradılması istiqamətində tədbirlər görülür. Bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, qatarın hərəkət qrafiki, stansiyaların imkanları və marşrut üzrə təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir, qarşı tərəflə zəruri razılaşdırmaların aparılması və bütün əməliyyat proseslərinin uyğunlaşdırılması tələb olunur. Bu səbəblərdən sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır.Publika.az


