Yeddi ölkə Aİ-nin növbəti büdcəsinin müzakirəsi zamanı iclası tərk etdi

Yeddi ölkə Aİ-nin növbəti büdcəsinin müzakirəsi zamanı iclası tərk etdi

Brüsseldə keçirilən sonuncu Aİ sammiti birliyin yeni uzunmüddətli büdcəsi ilə bağlı heç bir razılaşma əldə olunmadan başa çatıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrə görə, yeddi ölkə Avropa Şurasının sədri Antonio Kostanın müzakirələri kiçik qruplar formatında aparmaq təşəbbüsünə etiraz olaraq iclası tərk edib.

Liderlər arasında fikir ayrılıqları yarandığı üçün danışıqların ikinci günü ləğv edilib və iştirakçılar gecə yarısından sonra öz ölkələrinə yola salınıblar. Xəbər saytı qeyd edir ki, bu yeni format iştirakçıları razılaşmaya bir addım da yaxınlaşdırmayıb.

“Politico” bir diplomatdan sitat gətirərək yazır: “Heç kim bizə niyə məhz bu cür qruplarda toplandığımızı və ya bu qrupların necə fəaliyyət göstərəcəyini izah etmədi”. Başqa bir diplomat isə Kostanın heç bir alternativ variant təklif etməməsini “qəribə” adlandırıb.

Latviyanın Baş naziri Andris Kulberqs “Politico”ya bildirib ki, liderlərin hər biri sanki “başqa bir planetdə” idi. Aİ rəsmilərindən biri isə qeyd edib ki, liderlər sadəcə öz mövqelərini bir daha təkrarlayıblar, daha sonra isə bəziləri qrup iclaslarında iştirak etməkdən imtina ediblər.

Daha əvvəl məlum olmuşdu ki, Aİ liderləri Brüsseldəki sammitin ikinci gününü ləğv ediblər. Buna səbəb birliyin növbəti yeddiillik büdcəsi və Kiyevə əlavə 45 milyard avro maliyyə yardımı ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsi olub. Avropalı diplomatik mənbənin sammitin birinci günündən sonra verdiyi məlumata görə, müzakirələr dekabr ayına təxirə salınıb.

Share: