Yekaterinburqda “Azərbaycan Şərab Evi” açıldı

Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan Şərab Evi” açılıb.

İqtisadiyyat Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, bu, Azərbaycanın xarici ölkədə açılan 3-cü Şərab Evidir.

“Azərbaycan Şərab Evi”nin açılışında nazir Şahin Mustafayev, Rusiyanın Sənaye və icarət naziri Denis Manturov, Azərbaycan sahibkarları və Rusiyanın şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları “Azərbaycan Şərab Evi” ilə tanış olub, onlara Azərbaycan şərabları barədə geniş məlumat verilib. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində Azərbaycan şirkətlərinin istehsalı olan 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. təqdim edilir. Şərab Evində nümayiş olunan Azərbaycan məhsulları böyük maraqla qarşılanır.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə yaradılmış “Azərbaycan Şərab Evi” yerli məhsullarımızın ixracının dəstəklənməsi, “Made in Azerbaijan” brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Rusiya bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

 

Share: