Yeni qayda təqribən 1 milyon uşağı pulsuz yeməkdən məhrum edə bilər

Yemək talonları alanların sayını azaltmağa çalışan Tramp Administrasiyasının təklifi qəbul edilsə, təqribən 1 milyon uşaq avtomatik olaraq pulsuz məktəb naharlarından məhrum olacaq.

AZƏRTAC xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dərc etdiyi hesabata görə, dəyişikliklər 982 min uşağa toxuna bilər. Bu uşaqların təqribən yarısı məktəb naharını azaldılmış məbləğə – 40 sentə almalı, səhər yeməyinə görə isə 30 sent ödəməli olacaq. Təqribən 40 min uşaq naharın tam qiymətini ödəməli olacaq ki, bu qiymətlər də məktəbin yerləşdiyi rayondan asılı olaraq dəyişəcək. Qalan 445 min uşağın pulsuz yemək almaq hüququ olacaq, lakin onların ailələri pulsuz yemək proqramına qəbul edilmək üçün sənəd verməli olacaqlar.

Uzunmüddətli praktikaya görə, hazırda ailələri yemək talonları alan uşaqların pulsuz naharla təmin edilmək hüququ var. Tramp Administrasiyası aztəminatlı ailələrin qidalanması üçün talonların verilməsinə imkan verən Məhsulları Güzəştli Qiymətlərlə Alma Proqramında (SNAP) iştirak hüququnu sərtləşdirməyi təklif edib. ABŞ Kənd Təsərrüfatı Nazirliyi proqram çərçivəsində gəlir barədə qaydalara dəyişiklikləri təklif etmir. Nazirliyin nümayəndələri bildirirlər ki, onlar proqramın təklif etdiyi azuqədən sui-istifadə edən insanlara SNAP-da iştirak etmək hüququ verən boşluqları aradan qaldırmaq istəyirlər.

Share: