Yoxlama zamanı sahibkarların vəzifələri müəyyənləşib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub.
Yoxlama zamanı sahibkarın vəzifələri aşağıdakılar kimi olacaq:
1. yoxlama suallarına aid olan və yoxlamanın icrası üçün yoxlayıcılar tərəfindən bu Qanuna uyğun olaraq tələb olunan məlumatları (sənədləri) təqdim etmək;
2. iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına şərait yaratmaq;
3. yoxlamanın başladığı və davam etdiyi müddətdə yoxlamada iştirak etmək və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmək;
4. bilavasitə, yaxud səlahiyyətli nümayəndəsi və işçiləri vasitəsilə yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmaq;
5. kommersiya, vergi və qanunla qorunan digər sirlərin qorunması məqsədilə qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və (və ya) elektron daşıyıcıda yoxlayıcıya təqdim etmək, habelə yoxlayıcıya yoxlama obyektinə dair məlumat olan informasiya sisteminə çıxış əldə etmək imkanı yaratmaq.