“Zənnimcə, Laçında ərzaq məhsulları Bakıdakına uyğun qiymətlərə satılır…”

Laçın şəhərinin məskunlaşdırılmasının başlanmasından 8 aya yaxın vaxt keçir. Bəzən söz-söhbətlər gəzir ki, guya 30 ildən sonra bərpası başlanan bu şəhərdə ərzaq məhsullarının qiymətləri həddindən artıq bahadır… 

 

Laçında qısamüddətli səfərdə olan Moderator.az əməkdaşı şəhərdə yeni fəaliyyətə başlamış “Araz” supermarketinə baş çəkərək ərzaq qiymətləri ilə tanış olub. Və məlum olub ki, qiymətlər, demək olar ki, paytaxtdakılarla eynidir…

Bu mövzuda “Laçın Abadlıq Xidməti” ASC-nin direktoru Nəsimi Əsədovla söhbətimiz zamanı da danışdıq.

 

“Laçında “Araz” supermarket bu yaxınlarda istifadəyə verilib. Orada da, digər dükanlarda da ərzaq məhsulları, bildiyimə görə, elə paytaxtdakı qiymətlərə bərabər, uyğun qiymətlərə satılır. Ticarət belədir ki, əhalinin sayı artdıqca və alternativ satış obyektləri yarandıqca qiymətlər öz-özünə tənzimlənir”,- həmsöhbətimiz məsələyə belə münasibət bildirdi.

 

“Ümumiyyətlə, şəhərdə əhalinin ərzaq təchizatı ilə bağlı hansısa problem yoxdur ki?” sualını isə N.Əsədov belə cavablandırdı: 

 

“Xeyr. Hazırda Laçında “Araz” supermarketindən əlavə bir neçə market də fəaliyyət göstərir. Onlarda da bütün əsas gündəlik ərzaq və digər malların satışı təmin edilir. Yaxın vaxtlarda daha bir neçə marketin açılması gözlənilir”.

 

S.Laçın

 

 

 

Mənbə

Share: