474 şəxsə məxsus qalıqlarda həyati xəsarətlər aşkar edilib…

474 şəxsə məxsus qalıqlarda həyati xəsarətlər aşkar edilib…

Birinci Qarabağ müharibəsində itkin hesab edilən şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlı olub.

Millətin Səsi.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın ikinci günü çərçivəsində keçirilən panel sessiyada deyib.

Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilmiş ərazilərindən indiyədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 913 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları qəbul edilib:

“Laboratoriyalardan keçən sümük qalıqlarına əsasən 474 şəxsə məxsus sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər (güllə və qəlpə yaralanmalar, küt alətlərlə və s.) aşkar edilib. Skelet qalıqlarının məhkəmə-tibbi müayinələri başa çatdırıldıqdan sonra bu skeletlərin hər birindən bir neçə nahiyədən (xüsusilə də sağlam dişlərdən) olmaqla bioloji nümunələr götürülərək şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası məqsədilə DTX-nin Genetik Araşdırmalar Mərkəzinə göndərilir”.

Ədalət Həsənov deyib ki, məhkəmə-molekulyar genetik ekspertizanın köməyi ilə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib:

“İdentifikasiya prosesi başa çatdırıldıqdan sonra sümük qalıqları ailələrə təhvil verilir. 273 şəhidimizin meyiti Dövlət Komissiyasının tövsiyyəsi və iştirakı ilə ailələrə təhvil veriib, milli-dini ənənələrə uyğun dəfn ediliblər. Dəfn edilənlərdən 225 nəfəri hərbçi, 48 nəfəri isə mülki şəxsdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlıdır”.

Share: