Doğru zamanda Putinlə danışıqlar aparacağam

Almaniya kansleri Olaf Şolts “doğru zamanda” Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq və Ukrayna münaqişəsini müzakirə etmək planlarını açıqlayıb. Şolts və Putin sonuncu dəfə 2022-ci il dekabrın 2-də telefonla danışıblar, söhbət bir saat davam edib.

 

Modern.az xəbər verir ki, “Kolner Stadt-Anzeiger”ə müsahibəsi çərçivəsində Olaf Şoltsdan Rusiya prezidenti ilə əlaqə saxlayıb-yaxmadığını soruşublar.

 

“Son zəngimdən xeyli vaxt keçib. Amma mən lazım olan anda Putinlə yenidən danışmaq niyyətindəyəm”, – deyə Şolts cavab verib.

 

Eyni zamanda Olaf Şolts Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini qeyd edib.O, NATO ilə Rusiya arasında birbaşa münaqişənin qarşısını almaq üçün hər şeyi etmək niyyətində olduğunu vurğulayıb.

 

Şoltsla Putin arasında sonuncu dəfə ötən il dekabrın 2-də telefon danışığı olub. 2023-cü ilin yanvarında Almaniya hökuməti Rusiya ilə təmaslardan imtina etmək niyyətində olmadıqlarını açıqlayıb. Şolts qeyd edib ki, Ukraynadakı hərbi əməliyyatla bağlı fikir ayrılığına baxmayaraq, Vladimir Putinlə əlaqələri davam etdirəcək.

Mənbə

Share: