
Dünən və bu gün Ermənistan ordusu Naxçıvan istiqamətində yerləşən mövqelərimizi intensiv şəkildə atəşə tutub. Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Rəsmi məlumatda bildirilib ki, iyunun 13-ü saat 17:40-da və iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan hərbçiləri Arazdəyən bölgəsindəki mövqelərdən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Ordumuz təxribata əl atan Ermənistan silahlı qüvvələrinə layiqli cavab verib.
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda səfərdə olduğu bir vaxtda Ermənistanın Naxçıvan istiqamətində təxribat törətməsi nədən xəbər verir?
Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Elxan Şıxaliyev düşünür ki, Azərbaycan-Türkiyə münasibətləri Ermənistanı qıcıqandırır:
“Siyasi görüşlərdə, xüsusilə Türkiyə-Azərbaycan Prezidentlərinin görüşü zamanı Ermənistan tərəfi həm siyasi, həm də hərbi aqressivlik nümayiş etdirir. Azərbaycan-Türkiyə münasibətləri Ermənistanı, bu ölkənin hakimiyyətini qıcıqlandırır. İki ölkə arasında imzalanan Şuşa bəyannaməsilə Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin mini modelinə keçidi üzərində yol xəritəsinin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizi məsələsində ortaq maraqlarımızın olması ermənilərdə ciddi aqressiya yaradır. Bu aqressivlik həmişə təmas xəttindəki birliklərinə ötürülür”.
Elxan Şıxaliyev atəşkəsin niyə məhz Naxçıvan istiqamətində pozulmasına da aydınlıq gətirib:
“Çünki Naxçıvan istiqamətində, Sədərəyə 800 metr məsafədə ermənilər metal konstruksiya şirkətinin vəsaitləri hesabına zavod inşa edib. Ermənilər bu atəşkəsi pozmaqla bizim beynəlxalq partnyorlarımız olan ABŞ və Böyük Britaniya ilə əlaqələrimizi gərginləşdirməyi hədəfləyir. Ermənistanın böyük planları var. Onlar siyasi görüşlər və iqtisadi maraqlar üzərindən gərginlik yarada bilirlər. Təmas xəttində atəşkəsi pozaraq Azərbaycan Ordusunu atəş açmağa təhrik edirlər. Beləliklə, Ordumuz cavab verməyə məcbur qalır. Ermənistanda Avropanın, xüsusilə Fransanın müşahidə missiyası bunları sənədləşdirir. Guya ki, Azərbaycan gərginliyə səbəb olur. Nə zamansa, hansısa platformada Azərbaycanın qarşısına bu sənədlər çıxarılacaq. Ona görə də Ermənistanın bu cür mənfur əməlləri təəccüb doğurmamalıdır. Əlbəttə, Azərbaycan ermənilərin planlarından məlumatlıdır. Nə qədər atəşkəsi pozub, təhrik etsələr də, Azərbaycan tərəfi adekvat cavablar verməkdən başqa nəsə etmir”.
Hərbi ekspert vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayınca, belə təxribatlar tez-tez baş verəcək.
“Bütün siyasi görüşlərdə bunu müşahidə edəcəyik. Ona görə ki, sülh müqaviləsi yoxdur. Ermənistan sülh sazişini imzalasa, belə hallar dayana bilər. Əks təqdirdə, bütün məqamlarda Ermənistanın siyasi olaraq işinə yarayan zamanda atəşkəsin pozulub, eskalasiyanın artmasına hazır olmalıyıq. Təxribatlar həm şərti sərhəddə, həm də Qarabağın dağlıq hissəsində baş verəcək. İstər Naxçıvanla şərti sərhəddə, istərsə də Qarabağda gərginliyin yaranmasında rusların da maraqları var. Çünki 2025-ci ilə az qalıb. Onların vaxtı daralır. Vaxtın artırılması istiqamətində Rusiyanın planları mövcuddur. Gərginliyin yaranmasına çoxvektorlu yanaşmalar var. Ermənistan Fransanı cəlb edir, İranı cəlb edir. Rusiya oradadır. Çoxvektorlu siyasi münasibətlər Ermənistanla təmas xəttindəki vəziyyəti əks etdirir”.
Elxan Şıxaliyev, həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ilin sonuna qədər sülh sazişinin bağlana biləcəyi ilə bağlı bəyanatına da münasibət bildirib. Bu məqamda o xatırladıb ki, 44 günlük müharibədən 2 il 6 ay vaxt keçib, geridə qalan müddət ərzində erməni siyasilərinin dediklərinin heç birinin real olaraq həyata keçirilmədiyinin şahidi olduq.
“Ermənistan rəsmilərinin bəyanatlarına inanmaq sadəlövhlük olardı. Ermənistan ancaq bir dildən – güc dilindən anlayır. Ermənistan indi bir az özünü sığortalayıb. Avropa İttifaqının və Rusiyanın missiyaları oradadır. Hərbi güc olaraq ayağa qalxmağa başlayıblar deyə cəsarətləniblər. Nəinki sülh sazişini imzalayacaqlar, əksinə bizimlə hərbi ritorika ilə danışmağa çalışacaqlar”.