Qarabağda və sərhəddə erməni təxribatları: “Bunu törədən Rusiyadır, çünki…”

 

“Sülh sazişi imzalanmalıdır. Bu, hər iki dövlətin maraqlarına uyğundur”.

Milletinsesi.az xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.

Analitik Vaşinqton görüşlərinin son raundundan sonra baş verən hadisələrə, o cümlədən Ermənistanla sülh müqaviləsi imzalanarsa, Azərbaycanın növbəti erməni təxribatlarından özünü necə sığortalayacağına münasibət bildirib.

Suallarımızı cavablandıran politoloq hesab edir ki, Vaşinqton görüşü heç də nəticəsiz qurtarmayıb:

“Müəyyən əlavə məsələlər müzakirə edilib və uzlaşdırılıb. Bütövlükdə sülh sazişinin imzalanması uzun və ağır bir prosesdir ki, bu yolda da gedilir. Mənə elə gəlir ki, Vaşinqtonun yanaşması doğru yanaşmadır və ola bilsin ki, bu ilin sonuna qədər sülh müqaviləsi imzalansın”.

“O ki qaldı Ermənistan-Azərbaycan sərhədi və Qarabağın dağlıq hissəsində baş verən təxribatlara, bunu törədən Rusiyadır. Çünki bu ərazilərdə Rusiyanın Silahlı Qüvvələri qalıb. Nə qədər ki Qarabağda işğal rejimi qalacaq, bu gərginlik də davam edəcək. İndiyə qədər yola verdiyimiz qüsurlardan ən böyüyü odur ki, ərazilərimizdən qeyri-qanuni silahlı dəstələrin çıxarılması üçün ciddi səy göstərməmişik, habelə separatçıların da yerdə qalan mülki əhalidən ayrılması üçün qətiyyətli addımlar atmamışıq”, – deyə o, əlavə edib.

“Fikrimcə, əgər hər kəs bizim ərazi bütövlüyümüzü tanıyıb buradakı suverenliyimizi qəbul edirlərsə, burada qayda-qanun yaratmaq bizim öhdəmizə düşür. Ona görə də bu istiqamətdə daha qətiyyətli addımların atılmasına mütləq şəkildə ehtiyac var”, – müsahibimiz fikirlərini tamamlayıb.

Mənbə

Share: