İnformasiya müharibəsində müxalif partiyalar necə rol oyanır…

Azərbaycan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri ilə öz ərazi bütövlüyü və suverenliyini bərpa edib. Artıq Qarabağdakı separatçıların bel sümüyü qırılı, onların liderlərinin bir qismi saxlanılaraq Bakıya gətirilib.

 

Lakin ermənilər dünya ictimaiyyətini aldatmaq cəhdlərini davam etdirir. Qarabağdan könüllü şəkildə gedən ermənilərin zorla qovulduqlarını iddia edirlər. Qarabağda ermənilərə qarşı etnik təmizləmə aparıldığını iddia edirlər. 

 

Azərbaycan hökuməti ermənilərin bu yalanlarına və dezinformasiyalarına qarşı ciddi şəkildə mübarizə aparır. Müxtəlif sahələrdə onların cavabları verilir. 

 

Bəs, Azərbaycan müxalifəti informasiya müharibəsində aktivdirmi? Hansı işləri görürlər? 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Müsavat partiyasının sədri Arif Hacılı bildirib ki, partiyası Azərbaycana qarşı qərəzli mövqeləri dəyişdərməyə çalışdıqlarını deyib:

 

“Müsavat ciddi beynəlxalq əlaqələrə malik olan Azərbaycandan kənarda da tanınan partiyadır. Bizim bir çox postsovet məkanı və qərb ölkəkərində fəaliyyət göstərən siyasi partiyalarla, bəzi beynəlxalq qurumlarla əməkdaşlıq münasibətlərimiz var. Bu əlaqələrimizdən istifadə edib Azərbaycan həqiqətlərini çatdırmağa ölkəmizə qarşı bəzi qərəzli mövqeləri dəyişdirməyə çalışırıq”.

 

A.Hacılı yalnız noyabr ayında dörd ölkədə keçiriləcək müxtəlif beynəlxalq tədbirlərə dəvət olunduqlarını qeyd edib:

 

“İştirak imkanımız olacaqsa, bu toplantıların tribunalarından da Azərbaycana qarşı formalaşmaqda olan bəzi hallarda qərəzli, ədalətsiz münasibətləri yumşaltmağa, xüsusi ilə Qarabağ nizamlanması ilə əlaqədar yaradılmış yanlış təsəvvürləri dəyişdirməyə çalışacağıq”.

 

Ədalət Partiyasının sədr müavini  Mütəllim Rəhimli  milli maraqlar olan yerdə vahid cəbhədən çıxış etməyin zəruri olduğunu  vurğulayıb:

 

“Siyasi partiyanın həm qanunla, həm də özünün Proqram və Nizamnaməsinə əsasən müəyyən edilmiş fəaliyyət sferası var. Ona görə fəaliyyətimizdə bizə verilən səlahiyyət cərçivəsində hərəkət etməliyik. Siyasi partiya işini özünün ideoloji görüşlərinə görə qurduğuna görə eyni məsələyə müxtəlif yanaşmalar ola bilər. Lakin milli maraqlar olan yerdə vahid cəbhədən çıxış etmək zərurəti yaranır. Bununla belə siyasi partiya hakimiyyəti həyata keçirmədiyinə görə işin çoxu iqtidarın üzərinə düşür. İqtidar başlatdığı prosesə cavabdehdir. Heç bir halda dövlətin və millətin mənafelərinə zərər vurmamalıdır. Əgər bu istiqamətdə müxalif siyasi partiya susqunluq nümayiş etdirirsə və hakimiyyətin hərəkətlərini ictimai müzakirəyə çıxarmırsa, bunun özü də hakimiyyətə dəstəkdir. Biz indi ən minimum şəkildə Ədalət partiyasının bu mövqeyini müşahidə edirik. Maksimum fəaliyyətimiz isə digər partiyalarla birgə indiki informasiya savaşında iqtidarın hərəkətlərini müdafiə edən bəyanatların imzalanmasıdır. Biz,həmçinin, Ədalət partiyasının özünün bu məsələlərlə bağlı bəyanatını və mövqeyini mütəmadi olaraq açıqlayırıq”.

M.Rəhimli qeyd edib ki, hazırkı partiya rəhbərlərinin sosial şəbəkələrdə mövqe və şərhləri yayılır:

 

“Bununla da cəmiyyətdə vahid mövqe və müdafiə çətiri yaradırıq. Hesab edirəm ki, partiyanın ən böyük işi bu olmalıdır. Digər işləri isə dövlət qurumları yerinə yetirməlidirlər. Bütün bunlar ölkəmizə qarşı aparılan informasiya müharibəsinə qarşı partiyamızın mübarizəsinin bir hissəsini təşkil edir. Xarici dillərdə olan paylaşımlar və ölkəmizə qarşı yönələn statuslara cavab verilməsi də partiya üzvlərimizin diqqət mərkəzində saxlanılan məsələlərdir”.

 

Ağ partiyanın sədri Tural Abbaslı Azərbaycanın dövlət maraqlarının təbliğində işlər apardıqlarını vurğulayıb:

 

“Hazırda aparılan informasiya müharibəsi əvvəlkindən fərqlənir. Əvvəllər informasiya savaşı televiziyada, çap mediasında gedir. Hazırda informasiya müharibəsi daha çox sosial mediada gedir. Düzdür, partiya olaraq,  informasiya müharibəsi aparmaq bizim vəzifəmiz deyil. Çünki dövlətin əlində olan qədər resurslarımız yoxdur.  Lakin biz təbii olaraq, Azərbaycanın dövlət maraqlarını təbliğ etmək, bizim əleyhimizə aparılan əks-təbliğata qarşı mübarizə aparmağı vacib sayırıq. Partiyamızın sıravi üzvləri, həm də rəhbərliyi əlimizdən gəldiyi qədər sosial media üzərindən təbliğat aparırıq”.

 

T.Abbaslı milli duruş sərgiləyən tək-tük  partiyalardan olduqlarını söyləyib:

 

“Hamı bilir ki, bizim üçün Azərbaycanın maraqları hər şeydən üstündür.İstər ermənilərin, istər rusların, istərsə də cənub qonşumuz İranın bu istiqamətdə kifayət qədər təxribatçı informasiya siyasəti var. Sosial şəbəkələrdə – “X” (köhnə tvitter), “Facebook”, “Tiktok” və başqa dünya səviyyəli proqramlarda öz resurslarımıza uyğun fəaliyyət aparırıq. Hərəmiz öz miqyasımızda nəsə etməyə çalışırıq. Mənə elə gəlir ki, bu da kifayət edir”.

Mənbə

Share: