Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bu ilin sentyabrın 28-də dünyasını dəyişdikdən sonra, onun səlahiyyətlərini millət vəkili Fazil Mustafa icra edir.
Bu məsələ ilə bağlı Fazil Mustafa Moderator.az saytına açıqlama verib:
“Milli Məclisin daxili nizamnaməsinin tələblərinə uyğun olaraq, Milli Məclisin Komitə sədri olmadıqda, onun səlahiyyətlərini Komitə sədrinin müavini icra edir. Bizim çox dəyərli Komitə sədrimiz, Azərbaycan cəmiyyətində böyük hörmətə sahib olan Qənirə xanım haqq rəhmətinə qovuşdu. Ondan sonrakı prosesdə də Komitənin işi ilə bağlı müəyyən prosedurun həyata keçirilməsinə zərurət var idi. Ona görə də bu nizamnaməyə uyğun olaraq, hələki sədr seçkisi keçirilmədiyi təqdirdə, Milli Məclisin sədrinin müavini bu funksiyanı yerinə yetirəcəkdir. Mədəniyyət Komitəsinin fəaliyyətinin koordinasiya olunması bu baxımdan, bizə həvalə olunub. Biz də çalışacağıq ki, Komitənin ənənəsini qorumaqla, Qənirə xanımın gördüyü dəyərli işləri davam etdirməklə, Komitənin fəaliyyətini daha da irəli aparaq. Amma bütövlükdə, Komitədə başqa heç bir dəyişiklik yoxdur, əvvəlki qaydada fəaliyyətimiz davam edir.”