“Bu gün “ASAN xidmət” xətti ilə Qərbi Azərbaycandan olan şəxslərə verilən şəxsiyyət vəsiqələrində onların doğulduqları şəhər və rayonlar tarixi adları ilə göstərilir”.
Bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli parlamentdə “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycanlılar gec-tez öz yurdlarına qayıdacaqlar: “Hər hansı bir coğrafiyanın hansı xalqa məxsus olduğunu bildirən əsas məqamlardan biri həmin ərazinin toponimləri, tarixi abidələrinin adları və mədəniyyət nümunələridir. Hansı ki, ermənilər Qərbi Azərbaycanda sadaladığım bütün sahələr üzrə tarixi izlərimizi siliblər”.
İcma rəhbəri qeyd edib ki, 1828-1831-ci illərdə İrəvanda 12 məscid olub: “Bu gün Göy Məsciddən başqa heç birinin izi-tozu qalmayıb. Ermənilər bu gün də Qərbi Azərbaycandakı toponimlərimizin adlarını dəyişərək, tarixi izləri tamamilə silməyə çalışırlar”.