
Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına müvafiq maddədə nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.
Qərarın qəbul edilməsindən sonra bir sıra ekspertlər bunun daşınmaz əmlak bazarına təsir edəcəyini bildirib.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, bütün işlər qanun çərçivəsində aparılmalıdır:
“Qanunun tələblərinə tikintidə əməl olunması xüsusilə vacibdir. Çünki son illər qanunsuz tikililərin artması həm təhlükəsizlik, həm də burada kommunal xidmətlərin həyata keçirilməsi baxımından əhalinin narazılığına səbəb olur. Bu, əslində düzgün baxışdır. İnsanlar narahatdırlar ki, niyə, onlar vəsait ödəyib, təhvil aldıqları binalarda kommunal xidmətlər yoxdur. Ya onların qazı gəlmir, ya işıqları quraşdırılmır. İnsan harada yaşamaq istəyirsə, bina ucaldırsa, təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Ola bilsin ki, hansısa sahibkar pul qazanmaq üçün məsuliyyətsizlik, laqeydlik edir. Binanı təhvil verib gedir. Bunun ağrılarını vətəndaş çəkir. İnsanlar uzun müddət xidmət üzünə həsrət qalır. Qəbul olunmuş qərarlar bilavasitə insanların təhlükəsizliyinə xidmət edən amillərdir. Əgər doğrudan da, tikinti təhlükəsiziliyinə, norma və qaydalarına əməl olunmursa, həmin binaya kommunal xidmətlərin göstərilməməsi olduqca doğru addımdır. Bu da insanlara diqqətin nəticəsidir. Hadisələr, qaz partalamaları, yanğınlar, çökmələr, binaların yararsız vəziyyətdə olması ilə bağlı çoxlu faktlar var. Bunların çoxu insanların məhvinə, şikəst olmasına səbəb olub”.
Komitə sədri sözügedən addımın daşınmaz əmlak bazarına müsbət təsirlərindən danışıb:
“Sözsüz ki, bu daşınmaz əmlak bazarında qiymətlərin artmasına heç cür səbəb ola bilməz. Əksinə, düşünürəm ki, əmlak bazarına müsbət nəticə göstərəcək. Vətəndaş bilirsə ki, onun köçəcəyi binada bütün kommunal xidmətlər var, əvvəlcədən daha çox vəsait ayıra bilər. Daha əlverişli binanı seçə bilər. Yəni bu, rəqabət mühiti yarada bilər. Bu həm də ona görə vacibdir ki, tikinti ilə məşğul olan şirkətlər əhaliyə daha yaxşı, kommunal xidmətlərlə təchiz olunmuş binalar tikib, təhvil versinlər”.
Əmlak eksperti Nüsrət İbrahimov yeni qaydalara görə sənədsiz tikililərin sayında əsaslı azalma olacağını qeyd edib:
“Burada həm də məsuliyyət dövlət qurumlarının üzərinə düşür. Sözügedən addım qeyri-qanuni, sənədsiz evlərin tikintisinin həcminin azalmasına gətirib çıxaracaq. Həmin obyektlər heç vaxt bazarda dövriyyə predmeti olmayıb. Sənədsiz evlər notarial qaydada alğı-satqıya gedə bilmir. Ona görə də, bazara elə bir təsiri olmayacaq. Bazar qiymətlərinə elə də təsirin olacağını müşahidə etməyəcəyik. Sənədsiz tikililərin sayında əsaslı azalmalar müşahidə edəcəyik”.