Sabir Rüstəmxanlı: “Nazirlikdən zənglərimizə cavab verən olmadı”

Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən “Difai fədailəri” adlı əsərimə film çəkilməsi üçün Mədəniyyət Nazirliyinə müraciət etmişəm, lakin müraciətim cavabsız qalıb.

Bu sözləri Kult.az-a açıqlamasında xalq şairi Sabir Rüstəmxanlı deyib. O, millət vəkili Qənirə Paşayevaya Milli Məclisdə “Difai fədailəri” əsərinə film çəkilməsiylə bağlı fikir səsləndirdiyinə görə təşəkkür edib:

“Qənirə xanıma bu məsələni yenidən gündəmə gətirdiyi üçün çox təşəkkür edirəm. Mən “Difai fədailəri” əsərimi iki il əvvəl yazmışam və onun motivləri əsasında film çəkilməsi üçün ssenari də hazırlamışam. Bunun üçün Mədəniyyət Nazirliyinə də müraciət etdim, lakin onlardan hələ cavab gəlməyib. Bu ilin əvvəlində Mədəniyyət naziri Əbülfəz Qarayevlə bu barədə söhbətimiz də oldu. O, “imkan olanda bu məsələyə qayıdarıq” dedi. Düşünürəm ki, Əhməd bəy Ağaoğluyla bağlı film çəkilməsi çox vacibdir və belə bir film ərsəyə gəlsə, çox sevinərəm”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verilmədi.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Prezident İlham Əliyevə ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama görə təşəkkür edərək, Ağaoğlunun abidəsinin ucaldılması və onun haqqında Sabir Rüstəmxanlının müəllifi olduğu “Difai fədailəri” əsəri əsasında filmin çəkilməsi təklifini irəli sürüb.

Share: