SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda oktyabrın 4-də başlamış dövri təmir işləri artıq mərhələli şəkildə tamamlanmaqdadır və təmirdən çıxan qurğular tədricən istismara qaytarılır. SOCAR noyabrın 4-dək zavodun təmir-sazlama işlərinin tam başa çatdırılmasını hədəfləyir. Neft Emalı Zavodu ilə yanaşı SOCAR-ın Sumqayıtdakı “Azərikimya” kompleksində də dövri təmir və yenidənqurma işləri aparılır.
Milletinsesi.az xəbər verir ki, Neft emalı zavodlarında nisbətən qısa müddətli planlaşdırılmış profilaktik təmir və uzun müddətli əsaslı təmirin aparılması zavodun davamlı fəaliyyətini təmin etmək üçün hər bir qurğunun texniki pasportunda qeyd olunmuş icbari göstərişdir və bütün dünyada istismar olunan neft emalı zavodlarında həyata keçirilir. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hər il aparılan dövri təmir işləri orta hesabla bir ay davam edir.
Təmir olunan qurğular arasında neftin ilkin emalı qurğusu (ELOU-AVT-6) xüsusi əhəmiyyətə malikdir. Zavoda daxil olan xam neftin bütün həcmləri məhz bu qurğuya yönləndirilir və burada il ərzində 5 milyon tona yaxın neft ilkin emal prosesindən keçir. Həmin qurğuda neft emalının aralıq məhsulları və həmçinin təyyarə mühərrikləri yanacağı və dizel kimi son istehlak məhsulları birbaşa istehsal olunur. Aralıq məhsulları daha sonra istehsalat zəncirinin növbəti həlqələrinə, o cümlədən 2 milyon ton məhsuldarlığa malik Katalitik krekinq və 1 milyon ton məhsuldarlığa malik Katalitik riforminq qurğularında emala yönləndirilir və nəticədə Aİ-92 markalı benzin istehsal olunur.
Zavodun əsas ərazisində yerləşən ilkin emal qurğusu təmirə dayandığı müddətdə keçmiş Azərneftyağ zavodunun ərazisində yerləşən analoji ilkin emal qurğuları işə salınır və həmin qurğular vasitəsi ilə dizel, reaktiv mühərrik yanacağı distilatı və digər məhsulların istehsalı həyata keçirilir. Benzin və digər istehlak məhsullarının istehsalı isə yalnız təmirdən sonra katalitik krekinq və katalitik riforminq qurğuları işə salınandan sonra bərpa olunur. Beləliklə, dövri əsaslı təmir müddətində təyyarə yanacağı və dizelin idxalına ehtiyac yaranmasa da, Aİ-92 markalı benzinin idxal edilməsinə ehtiyac yaranır.
Azərbaycana yanacağın idxalını SOCAR və digər özəl şirkətlər həyata keçirə bilər. Cari təmir müddəti üçün 120 min tona qədər Aİ-92 markalı benzinin idxalı planlaşdırılıb. İdxal həcminin əvvəlki illərə nisbətən artması ölkədə yanacağın istehlak səviyyəsinin artımı ilə bağlıdır. Azərbaycanda yanacağın satış tarifləri beynəlxalq bazar qiymətləri ilə müqayisədə olduqca aşağıdır və buna görə benzinin idxalı SOCAR üçün əlavə vəsait sərf etməklə – zərərlə nəticələnir. Buna rəğmən şirkət Azərbaycanın enerji təhlükəsizliyini təmin etmək istiqamətində öz üzərinə düşən vəzifəni icra edir.
Dövri təmir müddətində ərazidə modernizasiya layihəsi ilə bağlı işlər də həyata keçirilir. Zavodun modernizasiyası ölkə daxilində AVRO-5 keyfiyyət standartına uyğun olan yanacağın istehsalını təmin etməyə və istehsalın illik həcmini artırmağa imkan yaradacaqdır. Modernizasiya işləri davamlı istehsalat prosesləri ilə eyni zamanda, başqa sözlə, istehsalat prosesləri dayandırılmadan aparılır. Belə ki, zavod il ərzində tam gücü ilə işləyir və eyni zamanda qurğuların yenilənməsi və yeni qurğularda tikinti işləri həyata keçirilir. Buna görə də modernizasiya layihəsi öz mürəkkəbliyi ilə seçilir. Qeyd etmək lazımdır ki, layihə çərçivəsində bəzi işlərin yalnız zavodda qurğuların dayandığı müddətdə görülməsi mümkündür.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihə çərçivəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılmışdır.