Özünü müstəqil elan edən “Luqansk Xalq Respublikası”nın başçısı Leonid Paseçnik indiyədək “respublika”nın 30 mindən çox sakininin sadələşdirilmiş qaydada Rusiya pasportu aldığını bildirib.
O, bu barədə “RİA-Novosti”yə açıqlamasında deyib.
“Bu günədək respublikanın 30 mindən çox sakini artıq Rusiya Federasiyasının pasportlarını alıb, daha 50 min nəfər müvafiq sənədləri təqdim edib”, – deyə o qeyd edib.
O, ilin sonuna qədər Rusiya pasportu alanların sayının 100 mini keçəcəyini gözləyir.
Bu ilin aprelin 24-də Rusiya Prezidenti Vladimir Putin özünü müstəqil elan edən Donetsk və Luqansk xalq respublikalarının sakinlərinin Rusiya pasportları almasının sadələşdirilmiş qaydası haqqında fərman imzalayıb.
Sentyabrın sonlarında özünü müstəqil elan edən Donetsk və Luqansk Xalq respublikalarının 90 minə yaxın sakininin Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada almaq üçün müraciət etdikləri açıqlanmışdı./teleqraf