Rusiya Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakına görə son dərəcə təəssüflənir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA-ya müsahibəsində deyib.
“Ermənistan KTMT-nin üzvü olaraq qalır və hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısıdır. İrəvan narahatlığını müzakirə etmək üçün konstruktiv yanaşma əvəzinə, təəssüf ki, başqa yol seçib”, – o bildirib.
Onun sözlərinə görə, Ermənistan NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə, xüsusən NATO standartlarının tətbiqi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından qarşılıqlı əlaqəni artırmağa üstünlük verir:
“Məqsədi Rusiyanın “strateji məğlubiyyəti” olanlarla belə bir tempdə əməkdaşlığı dərinləşdirməklə İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozmaq, öz təhlükəsizliyinə zərər vurmaq riskini daşıyır. Düşünürəm ki, Ermənistanda mütəxəssislər və siyasətçilər bu cür ehtiyatsız addımların mümkün bədəlini başa düşürlər.
Fikrimcə, başqa bir sahədə – iqtisadi sahədə də olsa – “iki stulda oturmaq” cəhdlərinin qeyri-reallığını Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskvada keçirilən “Primakov yanaşması” forumundakı çıxışında çox açıq şəkildə ifadə etmişdi”.
Qeyd edək ki, Vaşinqtonda keçirilən NATO sammitində Ermənistanı XİN başçısı Ararat Mirzoyan təmsil edir.