Prezident İlham Əliyevin bu il avqustun 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama uyğun olaraq oktyabrın 1-dən başlanmış növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) Milletinsesi.az-a verilən məlumata görə, Dövlət Xidməti Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsini ay ərzində müvəffəqiyyətlə yekunlaşdırıb.
Bildirilib ki, ölkənin bütün şəhər və rayonlarında SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin şəxsi heyətinin, ictimaiyyətin, hüquq mühafizə orqanları, şəhər və rayon icra hakimiyyətləri, kütləvi informasiya vasitələri nümayəndələrinin, ziyalıların, ağsaqqalların, şəhid ailələri üzvlərinin, veteranların və valideynlərin iştirakı ilə keçirilən yolasalma mərasimləri əsl bayram təntənəsinə çevrilib. Çağırışçılar həqiqi hərbi xidmətə mütəşəkkilliklə və böyük ruh yüksəkliyi ilə yola düşüblər.
Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.
Oktyabr ayında müddətli həqiqi hərbi xidmətə cəlb edilən çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar. Vətəndaşlara xidmət edəcəkləri hərbi hissə və qoşun növünü həm də SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirmək imkanı yaradılıb.
Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, ölkə vətəndaşları müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə – yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.