Bu yolda təmir işləri aparılır

Bu yolda təmir işləri aparılır

Sabunçu rayonu üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır.

Təmir-tikinti işləri “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Sabunçu rayonu üzrə vətədaşların əsas istifadə etdiyi lakin yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda görülür.

Agentlikdən Milletinsesi.aza verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi General Səmədbəy Mehmandarov prospekti bu cür yollardan biridir. Prospekt qəsəbə üzrə mərkəzi yol hesab olunur və ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yoldur. Prospekt boyunca yeni yol infrastrukturunun yaradılması Sabunçu rayonu, Bakixanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolunun yenidən qurulması layihə çərçivəsində həyata keçirilir.

Sözügedən yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Bu üzdən təmir-tikinti işlərinə start verilməsi əhalinin ürəyincə olub.

Hazırda yol boyu asfaltlanma işləri görülür. Artıq müəyyən hissədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb. Ümumilikdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 60 min kv.m-ə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.

Qeyd edək ki, sözügedən yol Bakıxanov, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrinin 120 mindən artıq sakininin istifadəsindədir.

Sabunçu rayonunda müasir yol infrastrukturunun yaradıldığı daha bir küçə Ramana qəsəbəsinin Elşən Məhərrəmli küçəsidir. Uzunluğu 3 km, eni isə 9 metr olan küçənin 27 min kv.m sahəsində təmir-bərpa işləri görülür. Ramana qəsəbəsinin əsas yollarından biri olan Elşən Məhərrəmli küçəsindən qəsəbənin 15 mindən artıq əhalisi istifadə edir.

Sabunçu rayonu üzrə 10 mindən artıq əhalisi olan “Savalan” yaşayış massivinin də yollarının vəziyyəti qənaətbəxş olmadığı üçün, üstəlik torpaq əsaslı və çınqıl örtüklü olduğu üçün burda da təxirəsalınmaz tədbirlərə start verilib. Nəticədə qısa müddət ərzində sözügedən yaşayış məntəqəsində vətədaşların əsas istifadə etdiyi və sosial obyetlərin yerləşdiyi 3 km uzunluğa malik olan yollarında təmir-bərpa işləri aparılıb, 20 min kv.m-ə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Rayonda aparılan kompleks tədbirlər çərçivəsində Maştağa qəsəbəsinin 1.4 km uzunluğa və 7 metr enə malik Məhəmməd Şəfai küçəsi də təmir edilib. Təmir işləri zamanı əvvəlcə küçə profilə salınıb, daha sonra küçənin 14 min kv.m-dən çox sahəsinə xırda dənəli asfalt-beton örtüyü döşənib.

Yaxın müddət ərzində isə Sabunçu rayonu, Maştağa qəsəbəsində Mirəli Mirəliyev, Sabunçu qəsəbəsində İlyas Aslanov və Zabrat qəsəbəsində Qazi Məmməd küçələrində də təmir-tikinti işlərinə star veriləcək.

Share: