İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.
Qol.az xəbər verir ki, bu barədə İTV-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə nəzərdə tutulan AVRO-2020-nin final mərhələsinin püşkatma mərasimi də saat 21:00-dan İTV vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, 12 iyun-12 iyulda keçiriləcək AVRO-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində təşkil olunacaq. Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda oynanılacaq.
UEFA-nın 60 illik yubileyi münasibətilə AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası 2012-ci il dekabrın 6-da açıqlanıb. 2014-cü il sentyabrın 19-da İcraiyyə Komitəsinin İclasında isə 12 ev sahibi şəhər təsdiqlənib.