“Deportasiya adı altında törədilən soyqırımı nəticəsində ermənilər etnik təmizləmə həyata keçirib”.
Milletinsesi.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri Zahid Cəfərov qurumun “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ” adlı bugünkü beynəlxalq elmi konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Prezident İlham ƏliyevinAMEA-nın 80 illiyi ilə bağlı tədbirdə çıxışı göstərdi ki, Qərbi Azərbaycana qayıdış Azərbaycan dövlətinin və bizim qarşımızda prioritet istiqamətlərdən biridir:
“Qərbi azərbaycanlılara qarşı törədilmiş hadisə soyqırımı adlandırılmalıdır. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı tarixdə geniş vüsət alıb. Deportasiya adı altında törədilən soyqırımı nəticəsində ermənilər etnik təmizləmə həyata keçirib və monoetnik dövlət yaradıblar. Ona görə də bu deportasiya soyqırımı adlandırılmalıdır, çünki həmin hadisədə bütün məsələ etnik təmizləməyə yönəlmişdi”.
O əlavə edib ki, milli kimliyi məhv etmək fiziki məhvdən daha təhlükəlidir:
“Azərbaycan mədəni irsinə aid abidələrin məhv edilməsi mədəni soyqırımından başqa bir şey deyildi. “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması” haqqında Konvensiyada əks olunan bütün cinayətləri ermənilər azərbaycanlılara qarşı törədib”.
Aqil Vəlili


