Gələn ilin dövlət büdcəsində neft sektorunun payı 3% azalacaq

Azərbaycanda gələn ilin dövlət büdcəsində neft sektorunun payı 2019-cu illə müqayisədə 3% azalacaq.

Bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında”qanun layihəsinə rəyində əksini tapıb.

Gələn il neft-qaz sektoru üzrə daxilolmalar baxımından dövlət büdcəsi gəlirlərinin 56,1% vəya 13 530,0 mln. manatının neft-qaz sektorunun payına düşməsi proqnozlaşdırılıb. 2019-cu ilin dövlət büdcəsində isə bu göstərici 59,1% olub.

Sənəddə qeyd edilib ki, bu vəsaitin 11 350,0 mln. manatını və ya 83,9%-nin Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin, 1 450,0 mln. manatının və ya 10,7%-nin Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilərin, 730,0 mln. manatının və ya 5,4%-nin neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisinin hesabına formalaşacağı nəzərdə tutulub. Hesablama Palatası nəzərə çatdırır ki, 2019-cu illə müqayisədə 2020-ci ildə büdcə parametrlərinin proqnozlaşdırılması məqsədilə neftin qiyməti 8,3% az nəzərdə tutulsa da, növbəti ilin dövlət büdcəsinin neft daxilolmalarından asılılığı yüksək olaraq qalacaq və ümumilikdə son illərdə neft sektoru üzrə daxilolmaların dəyişməsi ARDNF-dən transfertin dəyişməsindən sıx asılıdır.

Qeyd edək ki, 2020-ci ildə dövlət büdcəsində neftin qiyməti 55 ABŞ dolları qəbul edilib. 2019-cu ilin büdcəsində bu, 60 dollar, 2018-ci ilin ilkin proqnozlaşdırılan büdcəsində 45 dollar, dürüstləşmiş büdcədə 55 dollar nisbətində müəyyən olunub.

Share: