Deputat Ülvi Quliyevi tanıyırsınızmı? Qəribə sualdır…Bakının Yasamal kimi böyük rayonunun millət vəkili olasan, səni nə seçicilərin, nə ictimaiyyət, nə günümüzün əhəmiyyətli hissəsinə çevrilən sosial şəbəkələr düz-əməlli tanısınlar.
Bununla bağlı cumhuriyyet.az yerli mediada gedən məlumatlara istinaddən bildirir ki, minlərlə seçicisi olan Yasamalın deputatının feysbukda rəsmi səhifəsini cəmi 202 nəfər bəyənib. Ü.Quliyev Yardımlının yaxud Qusarın millət vəkili deyil. Əgər olsaydı ucqar dağ kəndlərində internet şəbəkəsinin mövcudsuzluğunu nəzərə alaraq, deputatı 202 nəfərin bəyəndiyini anlamaq olardı. Yasamal isə Bakının mərkəzi rayonlarından biridir, hər yer internetlə təchiz olunub, minlərlə seçicisi var. Amma Ü.Quliyev feysbukda cəmi 202 adam tanıyır. Onun həmkarları arasında Zahid Oruc, Qənirə Paşayeva, Fazil Mustafa və digərlərinin təkcə bir statusunu 500-dən çox istifadəçi bəyənir, onlarla şərh yazanlar olur. Hətta ölkədə ortabab tanınan müğənni belə daha çox izləyiciyə malikdir. Bunun səbəbi Ü.Quliyevin Yasamalda görüşlər keçirməməsidir, seçicilərin qapısını açmamasıdır, vətəndaşların problemlərini dilə gətirməməsidir.
Yada salmaq yerinə düşər ki, Quliyev bir zaman hava limanında 12 kq kürü ilə yaxalanmışdı. Əlaqəli şəxslər ondan üzr istəyərək, məhsulu müsadirə etmişdilər. Bundan əlavə, həmin ilin ortalarında internet qəzetlərindən birinə müsahibə verən Ülvi Quliyev şəxsi “obyektlərini” doğmalarının adına rəsmiləşdirdiyi gerçəyini, Bakının bir çox yerlərində fəaliyyət göstərən “Loğman” Farm-a aid apteklərin rəhəbər kreslosunun ona məxsus olduğunu çəkinmədən bildirmişdi. O, vaxtaşırı olaraq bu “obyektlərə” baş çəkir və hesabatlarla maraqlanır. Demək yerinə düşərdi ki, Ülvi Quliyev Milli Məclisin “lal” kateqoriyasına aid olan biznesmen deputatlarındandır. Aydın məsələdir ki, bir çox məmurlar kimi o da özünəməxsus biznesini yaxınlarının adına rəsmiləşdirmişdir. Belə ehtimal olunur ki, Ülvi Quliyevin hər zaman deputat olmaq istəyi xalqın mənafeyini qorumaq deyil, böyük biznesinə “qalxan” olmaq məqsədi daşımışdır.
Ülvi Quliyev böyük biznes şəbəkəsinə aid, üzdə olan Metronun Nərimanov stansiyası yaxınlığındakı “Qala” restoranı, səhiyyə sahəsində isə Bakının bir çox ərazisində yerləşən 1992-ci ildə təsis etdiyi “Loğman” Farma aid olan apteklər və s. aiddir. Unutmayaq ki, qanunvericilikdə deputatın hər hansı bizneslə məşğul olması qadağandır. Ü.Quliyevin siyasi arenada “ikibaşlı” siyasəti diqqət mövzusudur. Beləki özünü dövlətçiliyimizə “üzdə” yaxın hiss etdirən Ü.Quliyevin MTN-nin sabiq naziri E.Mahmudovun sağ əli olan E.Quliyevlə qohumluq əlaqəsi olduğu bildirilir. Onun son illərdə daha da passivləşməsi məhz MTN hadisələri ilə bağlıdır. Bu olaylarda Çingiz Əsədullayev mandatını itirdi, partiya sədrlərindən biri deputat seçilmədi. Odur ki, Ü.Quliyev sakit olmağa üstünlük verdi. Onun Elçin Quliyevlə əlaqələri barədə araşdırmalar aparırıq.
Qarşı tərəfi dinləməyə hazırıq.
Mənbə cumhuriyyet.az