Qazaxıstan Prezidenti Nursultan Nazarbayev beşinci “Astana klub” siyasi forumu çərçivəsində Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putin arasında görüş keçirməyi təklif edib.
AZƏRTAC Tengrinews agentliyinə istinadla xəbər verir ki, Nursultan Nazarbayevin sözlərinə görə, Vladimir Zelenski bu təklifə razılığını ifadə edib.
“Mən artıq Vladimir Zelenskinin razılığını almışam və bu barədə Rusiya prezidentinə məlumat vermişəm. Əgər neytral meydança lazım olsa, Qazaxıstanı təklif etmişəm”, – deyə Nursultan Nazarbayev bildirib.
“Mən hesab edirəm ki, vəziyyətin nizamlanması üçün Ukrayna və Rusiya prezidentlərinin şəxsi görüşünə ehtiyac var”, – deyə Qazaxıstan prezidenti əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də baş tutan telefon danışığının gedişində Nursultan Nazarbayev və Vladimir Putin bir sıra beynəlxalq məsələləri, o cümlədən Ukraynada vəziyyətin nizamlanması yollarını müzakirə ediblər. Oktyabr ayının sonlarında Qazaxıstan prezidenti Tokioda Vladimir Zelenski ilə görüşüb.