Birinci vitse-prezident Mehriban Əliyeva şəhid Şaban Cəfərovun “Xalq Bank” tərəfindən həbs qoyulan evini ailəsinə qaytarılıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə şairə-yazar Səbinə Yusif qeyd edib. O bildirib ki, Birinci vitse-prezident şəhid qızının müraciətinə müsbət cavab verib:
“Mehriban xanım Əliyeva dərhal tapşırıq verdi, məsələ həllini tapdı. Şəhid Şaban Cəfərovun “Xalq Bank” tərəfindən (kreditə görə) həbs qoyulan evi şəhidin ailəsinə qaytarıldı. İndi şəhid Şaban Cəfərovun ailəsi sevinc içindədir, şəhidin ruhu şaddır.
Hörmətli Prezidentimiz İlham Əliyev, hörmətli Birinci vitse-prezidentimiz Mehriban Əliyeva, mən əmin idim ki, şəhid ailəsinin problemindən xəbərdar olan kimi siz onların yanında olacaqsınız. Şəhid ailələri, Qarabağ qaziləri adından sizə təşəkkürümü bildirirəm”.
Səbinə Yusif onu da vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə şəhid Şaban Cəfərovun həyat yoldaşı bir ay öncə əməliyyat olunub.
Şaban Cəfərovun qızı Nərminə Cəfərova 2014-cü ilin avqustunda anasının əməliyyatı ilə əlaqədar evlərini girov qoyaraq, 14 min 802 manat (dollarla) kredit götürmüşdü. Lakin dolların kursunun qalxmasından sonra onun borcu 30 min manat olub. N.Cəfərova kreditin 13 min 275 manatını ödədikdən sonra digər hissəsini ödəyə bilmədiyi üçün girovda olan evinin üzərinə həbs qoyulmuşdu.
Qeyd edək ki, bir neçə gün öncə Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağ qazisi Qurban Qurbanovun evini həbsdən qurtarmışdı. Qazi də evini 2014-cü ildə “Xalq Bank”dan aldığı krediti görə girov qoymuşdu.