“Baku Medical Plaza”da qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirdikdən sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib.
Axşam.az xəbər verir ki, əməliyyatdan sonra beyninə qan sızan və 20 gün komada qalan Şəhlanın həyatını xilas etmək mümkün olmayıb. Onun övladının vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, Ş.Quliyeva “Azərbaycan Supermarket” MMC-nin təchizat üzrə mütəxəssisi olub.
Yaxınları Ş.Quliyevanın əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi səbəbindən mətbuata müraciət edərək “Baku Medical Plaza”nın ginekoloqu Təravət Hümbətovanı günahlandırıblar. Bildirilib ki, əməliyyatdan 20 saat sonra Şəhlanın təzyiqi kəskin yüksələrək 200-ü keçib və beyninə güclü qan sızıb. Qan beyin kötüyünü ciddi zədələyib və xəstəyə beyin ölümü diaqnozu qoyulub.
İttihamla bağlı “Baku Medical Plaza”dan Lent.az-a bildirilib ki, Quliyeva Şəhla Muxtar qızı hamiləliyinin 22-ci həftəsində tibb müəssisəsinə müraciət edib, aparılan müayinələrdən sonra hamiləliyi tibbi nəzarətə götürülüb:
“İyulun 28-də tibbi göstərişlərə əsasən və mövcud klinik protokollara uyğun olaraq pasiyent üzərində qeysəriyyə əməliyyatı icra edilib. Əməliyyatın intraoperativ mərhələsi fəsadsız başa çatıb. Əməliyyatdan sonrakı dövrdə pasiyentdə qəfil başlayan şiddətli baş ağrısı və qıcolma tutması müşahidə olunub.
Dərhal zəruri təxirəsalınmaz tibbi yardım göstərilib, reanimasiya və müvafiq ixtisas həkimləri prosesə cəlb olunub.
Aparılan geniş müayinələr nəticəsində pasiyentdə III dərəcəli mitral qapaq çatışmazlığı müəyyən edilib və vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim konsiliumu çağırılıb. Konsiliumun rəyinə əsasən, pasiyentin mövcud klinik vəziyyəti cərrahi müdaxilə üçün uyğun hesab edilməyib.
Hazırda onun müalicəsi reanimasiya şöbəsində multidissiplinar tibbi heyətin nəzarəti altında davam etdirilir. Yenidoğulmuşun vəziyyəti stabildir və müvafiq tibbi nəzarət altındadır”.


