30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələrin bir qismi dağıdılıb, bəzi mədəni sərvətlərin isə qanunsuz olaraq ölkə ərazisindən çıxarılması halları müşahidə olunub.
Milletinsesi.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli tarixi-dini irsin qorunmasına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, işğal dövründə tarixi-dini abidələr ciddi dağıntılara məruz qalıb, onların bir qismi tamamilə məhv edilib.
“Eyni zamanda həmin tarixi-dini abidələrin və komplekslərin ayrılmaz tərkib hissəsi olan mədəni sərvətlərin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması halları da müşahidə olunmuşdur”, – Adil Kərimli bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dini ibadət məkanlarının, o cümlədən məscidlərin bərpası istiqamətində hazırda intensiv işlər həyata keçirilir.
Adil Kərimli postmünaqişə dövründə qarşıya çıxan problemlərdən birinin də minalanmış ərazilərdə yerləşən tarixi-mədəni irs nümunələrinin və ibadət məkanlarının qorunması olduğunu bildirib. Nazir bu istiqamətdə koordinasiyalı fəaliyyətin həyata keçirildiyini qeyd edib.
O, həmçinin mədəni irsin qorunmasının yalnız dövlət qurumlarının işi olmadığını, vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının da prosesdə fəal iştirak etməli olduğunu vurğulayıb.
Nazir xatırladıb ki, 14 yanvar 2026-cı ildə təsdiqlənmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında mədəni irsin qorunması ayrıca istiqamətlərdən biri kimi müəyyən edilib. Konsepsiya Prezidentin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənib.Modern.az
Lamiyə Cənnətzadə


