Texas ştatının parlament üzvü aeroportda kokain olan zərfləri düşürdüyünü etiraf edib

ABŞ-ın Texas ştatının parlament üzvü Ponço Nevares Ostin şəhərinin aeroportunda kokain olan zərfləri düşürdüyünü etiraf edib və narkoloji yardım üçün müraciət edəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. Texas ştatının polisi bildirib ki, aeroportda olan müşahidə kameraları qanunverici məclisin üzvünün avtomobilinə minməzdən əvvəl üzərində rəsmi dövlət möhürü olan zərfi necə düşürdüyünü qeydə alıblar.

Nevares Qərbi Texasdakı İql-Pas şəhərindən olan vəkildir və eyni zamanda, ştatın Nümayəndələr Palatasının daxili və ictimai təhlükəsizlik Komitəsinin sədridir. O, ötən ay bəyan etmişdi ki, növbəti seçkilərdə qanunverici məclisə seçkilərdə namizədliyini irəli sürməyəcək. Amma bunun səbəblərini açıqlamayıb. Nevares cümə axşamı verdiyi bəyanatda da 2021-ci ilədək istefaya gedəcəyinə aydınlıq gətirməyib.

İndiyədək Nevaresə qarşı ittiham irəli sürülməsə də, müstəntiqlər yazılı ifadələrində qeyd ediblər ki, onu narkotiklərin saxlanılmasında şübhəli bilirlər. Təqsirinin sübut olunacağı təqdirdə isə Nevaresi 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Share: