Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr…

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr…

Azərbaycan müstəqillik qazandıqdan bəri bu cür təxribat cəhdləri ilə çox qarşılaşmışıq. Yaranan vəziyyətlərin müəyyən güc mərkəzləri, qruplar və dairələr tərəfindən necə manipulyasiya edildiyinin dəfələrlə şahidi olmuşuq. Bəziləri bilərəkdən və ya bilməyərəkdən bu cür üsullara əl atır. Türkiyədə Azərbaycana qarşı, sonradan isə Azərbaycanda Türkiyəyə qarşı inancları və reaksiyaları manipulyasiya edilən insanlardan daha çox, bu hadisələrin arxasında kimin, hansı qrupların və onların motivlərinin nə olduğunu araşdırmaq lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar deyib.

Ağarın sözlərinə görə, Azərbaycan cəmiyyətinin əksəriyyətinin şiə olmasına baxmayaraq, ölkədə sünni əhali də mövcuddur və onlara müxtəlif yollarla təsir göstərməyə çalışılır:

“Təəssüf ki, həm İslam dünyasının tarixində, həm də müasir dövrdə məzhəb ayrı-seçkiliyi və hətta məzhəb müharibələri mövcuddur. Bu qütbləşmənin təsirinə düşən və bir-birinə düşmənçiliklə yanaşan insanlar var. Əfsuslar olsun ki, bu, İslam dünyasının acı reallığıdır.

Bu kontekstdə Azərbaycan türklərinin əsasən dünyəvi və rasionalist olmaları, həmçinin Azərbaycana xas bir şiəlik formasına mənsubiyyətləri Türkiyədəki müəyyən məzhəbçi dairələri narahat edir. Maraqlıdır ki, bu qrupların bəzilərinin beynəlxalq qurumlarla da əlaqələri mövcuddur və hesab edirəm ki, onlardan bəziləri hazırda bu məsələyə qarışırlar.

Fikrimcə, müəyyən sünni və şiə siyasi islamçılar, xüsusilə də İran və ərəb dünyası ilə əlaqəli olanlar, həmçinin konkret dairələr, təşkilatlar və düşüncə tərzləri bu məsələyə cəlb olunublar və məsələni qızışdırmağa, həmçinin dərinləşdirməyə fəal şəkildə çalışırlar.

Digər tərəfdən, Azərbaycanla Türkiyə arasında nifaq salmaq cəhdlərinin arxasında bəzi ölkələr də dayanır. Məsələ əslində teoloji deyil, geosiyasi xarakter daşıyır. Çünki Azərbaycanla Türkiyə arasındakı ittifaq bəzi insanları narahat edir”.

Ekspertin sözlərinə görə, hazırda iki məsələ bir-biri ilə qarışdırılır:

“Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası zamanı İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edərkən Azərbaycan nümayəndə heyətinin bir üzvünün zalda qalması ön plana çəkildi. Nümayəndə heyətinin digər üzvlərinin zaldan çıxması vurğulanmadı, lakin bir nəfərin zalda qalmasına diqqət çəkildi və tənqid edildi.

Digər tərəfdən, hicab məsələsi də var.

Bu, çox həssas bir məsələdir. Azərbaycan həm hicab geyənlərə, həm də geyməyənlərə hörmətlə yanaşır. Dini azadlıqların təmin edilməsi dövlətin məsuliyyətidir. Amma burada məsələ tamamilə fərqlidir. Düşünürəm ki, əsas məqam da budur. Azərbaycanın verdiyi qərarın (orta məktəblərdə şagirdlərin vahid formasına əlavələrin qadağan edilməsi – red.) hansı təhdidlərdən qaynaqlandığını bilmək lazımdır.

Əvvəla, deyim ki, Azərbaycanda hicab qadağası yoxdur.

Azərbaycan deyir ki, biz Cənubi Qafqazda həssas vəziyyətdə olan bir ölkəyik. Biz saysız-hesabsız konvensional və asimmetrik təhdidlərlə üz-üzəyik.

Azərbaycan müstəqilliyini elan etdikdən bəri müəyyən ölkələr və məzhəb və ya ideologiya yönümlü güc mərkəzləri insanların səmimi dini etiqadlarından sui-istifadə edərək, öz məqsədləri naminə Azərbaycan ictimaiyyətinin beynini yumağa və onu öz tərəflərinə çəkməyə çalışaraq, ölkəni hədəf alıblar. Yəni bu, Azərbaycan üçün təkcə dini məsələ yox, milli təhlükəsizlik problemidir.

Danılmaz bir faktdır ki, ərəb mənşəli sələfi, təkfiri, vəhhabi və cihadçı qruplar, eləcə də iranmeylli şiə qruplaşmaları Azərbaycan cəmiyyətinə nüfuz etməyə, insanların beynini zəhərləməyə və onları öz sıralarına cəlb etməyə çalışırlar.

Digər tərəfdən, İran təkcə ölkə daxilində kadr cəlb etməyə deyil, həm də kütləvi dayaq bazası yaratmağa çalışır. Məktəblər, şagirdlər və ailələr onların əsas maraq və təsir dairələri sırasındadır.

İstər şiə, istərsə də sünni mənşəli olsun, bu təsir mərkəzləri bir neçə nəfəri öz təsiri altına alan kimi, digərlərinə də, xüsusilə də artıq öz tərəflərinə çəkdikləri şəxslər vasitəsilə təsir göstərməyə başlayırlar. Başqa sözlə, onlar öz sıralarını genişləndirməyə, saylarını birdən üçə, üçdən beşə və beşdən əlliyə çatdırmağa çalışırlar. Onlar təkcə öz inanclarını deyil, həm də geyim tərzlərini və rəmzlərini tətbiq edirlər.

Burada işin içində nəhəng maliyyə vəsaiti, başqa sözlə, pul var. Bu, faktdır.

Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda xidmət edərkən müşahidə edirdik ki, xüsusilə ölkənin şimal bölgələrində sünni və ərəb mənşəli sələfi, təkfiri, vəhhabi və cihadçı qruplar fəaliyyət göstərir, eyni zamanda İran ölkə daxilində özü ilə həmrəy olan bir şiəlik forması yaratmağa çalışırdı. Zaman keçdikcə bu sızma cəhdləri daha da təkmilləşdi.

Hesab edirəm ki, Azərbaycan dövlətinin guya əqidə azadlığına zərbə vurmağa çalışdığı təəssüratını yaratmaq məqsədilə manipulyasiya edilən bu tədbirlər üzləşilən təhdidlərlə birbaşa əlaqəlidir.

Azərbaycan deyir ki, başınızı örtə bilərsiniz. Lakin təklif edir ki, həmin mədəniyyətlərin rəmzinə çevrilmiş ərəb və ya İran mənşəli ideoloji baş örtükləri əvəzinə, başınızı öz milli, dini, mədəni, tarixi və insani həll yolumuzu təcəssüm etdirən kəlağayı ilə örtün. Bizim öz milli baş örtüyümüz var. Biz onun istifadəsini məqsədəuyğun hesab edirik.

Azərbaycan milli və mənəvi dəyərlərinin başqaları tərəfindən istismar olunmasını istəmir. O, əqidə azadlığı ilə təhlükəsizlik arasında tarazlıq yaradan bir həll yolu tapmağa çalışır. Bu mövqe isə təbii olaraq müəyyən dairələrin narazılığına səbəb olur.

Belə bir məqamda bəziləri yaranmış vəziyyətdən, eləcə də bununla bağlı yanaşmalardan, doqmalardan, əqidələrdən və onlara sadiq qalan qruplardan sui-istifadə etməyə başlayırlar.

Azərbaycanın baş örtüyü ilə bağlı qəbul etdiyi qərar əqidə məsələlərinə müdaxilə xarakteri daşımır. Bu, gələcəyə hesablanmış təhlükəsizlik tədbiridir və kənar şəxslərin müdaxilə edə bilməyəcəyi daxili məsələdir.

Fikrimcə, Azərbaycanın müxtəlif məqsədlər güdən və ölkə əhalisini sabitsizləşdirmək, parçalamaq və bir-birinə qarşı qoymaq potensialına malik olan, xüsusilə İran və ərəb mənşəli çoxsaylı xarici əlaqəli və çoxşaxəli strukturlara (ideoloji və mötədillərdən tutmuş radikal, məzhəbçi və dini qruplara qədər) qarşı mübarizədə seçdiyi yanaşma tamamilə düzgündür”.

Ağarın fikrincə, bu fitnəkarlıqlardan dərs çıxarmaq lazımdır:

“Qəzza müharibəsinin geosiyasi sarsıntılara səbəb olduğu doğrudur. Bu, həmçinin son dərəcə çətin və gərgin geosiyasi mühit yaradıb. Bəs bu mühit Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün istifadə edilə bilərmi?

HƏMAS-ın İsrailə qarşı strateji hücumunun yaratdığı geosiyasi qarışıqlıqda “İbrahim Sazişləri” böyük təzyiq altında qaldı, Səudiyyə Ərəbistanı-İsrail sazişi dalana dirəndi və İsraillə Fələstin arasında danışıqlar da dayandı. Lakin daha da əhəmiyyətli bir şey baş verdi: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər müəyyən dərəcədə gərginləşdi. Bəlkə də İsrailin təzyiqinin məqsədlərindən biri bu idi, bəlkə də hadisələr təbii şəkildə cərəyan etdi… Bunu kənardan anlamaq mümkün deyil. Lakin nəticə etibarilə sosial-psixoloji və siyasi cəhətdən kövrək bir mühit yarandı.

Amma insanlar məsələyə dövlət prizmasından deyil, öz inancları və ehkamları nöqteyi-nəzərindən yanaşırdılar. Məhz bu məqamda istismara əlverişli sahələr, vəziyyətlər və mühitlər meydana çıxdı.

Bəziləri bütün bunlardan öz maraqları, ideologiyaları və məqsədləri naminə istifadə etməyə çalışırdılar. Nəticədə, onlar Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq məqsədilə saysız-hesabsız hiylələrə əl atırdılar.

Hər iki ölkə buna qarşı tədbir görməlidir. Azərbaycan-Türkiyə qardaşlığı sadəcə ritorik bir ifadə deyil. Bu, güc, təsir və ümid yaradan, odda bərkimiş bir qardaşlıqdır.

Bizim məzhəb fitnəsini də ortadan qaldıran qardaşlığımız və yaratdığımız güclə çəkindiricilik qabiliyyəti elə geniş bir təsir dairəsi formalaşdırır ki! – başqalarının buna niyə həsəd apara və onu sarsıtmağa cəhd göstərə biləcəyini tam şəkildə dərk etməliyik. Hansı dövlətlər aramızdakı bağın qırılmasını və aramızda nifaq salınmasını görməkdən məmnun olarlar?

Mərhum Ümummilli Lider Heydər Əliyev tərəfindən rəhbər prinsip kimi irəli sürülmüş “iki dövlət, bir millət” konsepsiyası sadəcə ritorik və ya emosional bir ifadə deyil. Bu, həm də yalnız kədər və sevincin bölüşülməsindən ibarət deyil. Sözügedən prinsip həmçinin fikir ayrılıqlarını, parçalanmanı, səhvləri və təxribatları dəf etmək gücünü özündə ehtiva edir.

Qarabağ müharibəsi ilə daha da möhkəmlənən qardaşlığımızın yaratdığı güc, ideyalar və təsir imkanı təkcə bizim üçün deyil, həm də bölgəmiz, bəşəriyyət və gələcək üçün böyük ümidlər vəd edir.

Bizim məsələmiz ayrı-ayrı şəxslər və ya konkret qruplarla bağlı deyil və ola da bilməz.

Bizim məsələmiz xalqlarımız, dövlətlərimiz, ordularımız, vətənlərimiz və ortaq gələcəyimizdir.

Bunu bilən və bu dostluğu sarsıtmağa çalışanlar var.

Etməli olduğumuz şey ixtilaf və parçalanma burulğanına qapılmaq deyil, əksinə, bundan dərs çıxarıb daha güclü qardaşlıq, qüdrət və nüfuz bağı yaratmaqdır”.

Share: