Xətaidə “8 Noyabr – qürur və şərəf tariximiz” adlı tədbir – Video

Xətaidə “8 Noyabr – qürur və şərəf tariximiz” adlı tədbir – Video

Xətai rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı, Xətai rayon Xətai bələdiyyəsinin təşkilatçılığı ilə qazilər və şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Mixael Zabelin, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov, rayon Polis İdarəsinin rəisi Vaqif Mürsəlov, rayon məhkəməsinin sədri Vahid Sadıqov, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid ailələri, qazilər iştirak ediblər.

Millətin Səsi.az xəbər verir ki, tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin, dövlətimizin gücünün və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir. Dövlət başçısının uzaqgörən strategiyası, siyasi iradəsi və diplomatik məharəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulub. Bu möhtəşəm Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. Vurğulanıb ki, qazanılan Qələbənin təməlində Vətənə sonsuz sevgi, qəhrəmanlıq və fədakarlıq dayanır. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin göstərdiyi şücaət xalqımız üçün əsl qəhrəmanlıq nümunəsidir. Bu gün hər bir Azərbaycan vətəndaşı qalib dövlətin vətəndaşı olmağın qürurunu yaşayır. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığını unutmaq, onların əziz xatirəsinə hörmətlə yanaşmaq hər birimizin mənəvi borcudur.

Digər çıxış edənlər isə qeyd ediblər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli birliyin və xalqın sarsılmaz iradəsinin təntənəsi kimi xüsusi yer tutur. Bu tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin edən “Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində ardıcıl tədbirlər həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri Azərbaycanın iqtisadi potensialının və quruculuq əzminin bariz göstəricisidir.

Tədbir çərçivəsində şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə və hərbi qulluqçulara dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğı xüsusi vurğulanıb. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli istiqamətində görülən işlərin əhəmiyyəti qeyd olunub və göstərilən yüksək diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıq ifadə edilib.

Share: