
Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti ilə Əməliyyatların Logistik Dəstəyi (OLSP) mexanizmlərinin fəaliyyətinə dair görüş keçirilib.
Millətin Səsi.az xəbər verir ki, görüşdə müasir təhlükəsizlik mühitində NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi mobilliyin təmin edilməsi, təchizat zəncirinin dayanıqlılığın gücləndirilməsi və NATO-nun kollektiv logistik təminat fəaliyyətləri barədə təqdimatlar verilib.
Tərəflər, NATO-ya üzv ölkələr üçün yeni təhlükəsizlik mühitinin yaradılması, Əməliyyatlar üçün Logistik Dəstək Tərəfdaşlığının (OLSP) fəaliyyət istiqamətləri, üzv dövlətlərin milli, çoxtərəfli və NATO çərçivəsində mövcud olan logistik imkanlarından birgə istifadə mexanizmləri, həmçinin Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə, bununla yanaşı hərbi qulluqçular üçün təlim və maarifləndirmə tədbirlərinin təşkili, həmçinin NSPA və OLSP kimi mexanizmlər vasitəsilə mövcud olan beynəlxalq və çoxtərəfli imkanlardan səmərəli faydalanma imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.


