Ramiz Mehdiyev mühüm SƏRƏNCAM İMZALADI – Yeni komissiya yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının strukturu və kadr təminatının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

AMEA-dan Trend-ə bildirilib ki, Akademiya qarşısında duran vəzifələrin həlli AMEA Rəyasət Heyəti aparatının fəaliyyətindən bilavasitə asılıdır. Bu baxımdan bir sıra təhlillər aparılıb və bunun əsasında işçilərin seçilməsi və yerləşdirilməsi, müxtəlif struktur bölmələrin və əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev yeni sərəncam imzalayıb.

Akademik Ramiz Mehdiyevin imzaladığı sərəncama əsasən, AMEA Rəyasət Heyəti aparatının strukturunun və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə komissiya yaradılıb. Komissiyanın sədri AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov təyin olunub. Tərkibə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri, aparatın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və aparatın Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev daxil edilib.

Qeyd edək ki, komissiya AMEA Rəyasət Heyəti aparatının yeni strukturunu, “Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturası”nın yeni layihəsini və geniş elmi dünyagörüşə, hərtərəfli biliyə malik, məsuliyyətli və işgüzar mütəxəssislərin obyektiv meyarlar əsasında seçimini təmin etmək məqsədilə təkliflər hazırlayıb AMEA-nın prezidentinə təqdim edəcək.

Share: