Bakı sakini hədələyib pul tələb edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini E.Məmmədov noyabrın 18-də saat 23 radələrində qəsəbə ərazisində bir qrup şəxsin onu hədələyib 7000 manat pul tələb edərək “Mercedes” markalı avtomobilə oturdub evinin qarşısına apardıqlarını, orada ondan 60 manat və mobil telefon aldıqdan sonra evdən də 1000 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları gətirməsi şərti ilə buraxdıqlarını bildirib.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini N.Eminov, habelə qrupun digər üzvləri – Tərtər rayon sakini S.Abbasov və Masallı rayon sakini R.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.