Avropa İttifaqı (Aİ) Komissiyası Danimarkanı pendirin adına görə məhkəməyə verib.
AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, Danimarka hökuməti “feta” markalı ağ pendirin istehsalının və bu məhsulun Aİ hüdudlarından kənara ixracının qarşısını almamaqla, həmin addan yalnız Yunanıstandan alınan pendirlər üçün istifadəni məhdudlaşdıran qaydaları pozduğuna görə Aİ Komissiyası Danimarkanı məhkəməyə verib.
Aİ Komissiyası bu məsələ ilə əlaqədar Danimarka barəsində təhqiqata hələ 2018-ci ilin yanvarında başlamışdı, amma sonra bildirildi ki, ölkə qaldırılmış məsələlərə baxmaqdan imtina edib.
Qeyd edək ki, “Feta” adı coğrafi mənşəyinə və istehsal spesifikasiyaları dəstinə görə Aİ hüququna əsasən qorunan pendir növünə aid ticarət markasıdır. 2002-ci ilin oktyabrında “Feta” adı Aİ Komissiyasının xüsusi reqlamenti ilə malın mənşə yerinin adları reyestrində qeydə alınıb. Ona görə Aİ məkanında bu adla yalnız yunan pendiri markalana bilər.