BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , Dekabr 15 2019

“Əlcəzirə”də Azərbaycanla bağlı filmlər yayımlanır


“Əlcəzirə” Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin “Əlcəzirə” telekanalının “Musafir” proqramında yayımına başlanılıb.

BAMF-dan Milletinsesi.az-a verilən məlumata görə, filmlər Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, insanların qədim ənənələri, yaşam tərzini və turizm potensialını ərəb dünyasına çatdırmaq məqsədi daşıyır.

Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla, Azərbaycanın əksər regionlarını əhatə edir. 20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan “Əlcəzirə” Musafir proqramının çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər hər şənbə günündən ardıcıl olaraq “Musafir” proqramı vasitəsi ilə göstərilməklə bütün beş həftə ərzində hər gün nümayiş etdiriləcək.

BAMF-ın prezidenti Umud Mirzəyev Azərbaycanın ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib: “Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malayziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparın “Əlcəzirə” “Musafir”in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm bəlkə də yanılmaram. “Əlcəzirə” Musafir proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir. Qeyd edək ki, bu möhtəşəm ekran əsəri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin və şəxsən Əli Həsənovun böyük dəstəyi ilə ərsəyə gəlib”.

O ekran əsərinin Azərbaycan dilinə tərcümə olunaraq ölkə ictimaiyyətinə təqdim ediləcəyini vurğulayıb.