Türkiyənin Çorum əyalətinin Osmancık şəhərində qızlar yataqxanasında baş vermiş qaz sızması nəticəsində yüzdən çox məktəbli qız zəhərlənib, onlardan beşinin vəziyyəti ağırdır.
Milletinsesi.az xəbər verir ki, bu barədə valiliyin administrasiyası məlumat yayıb.
“Ömər Dərindərə liseyinin qızlar yataqxanasında baş vermiş qaz sızması nəticəsində 103 qız zəhərlənib”, – deyə məlumatda bildirilir.
Məktəblilərin xəstəxanaya yerləşdirildiyi, onlardan 20 nəfərə tibbi yardım göstərildiyi, beş nəfərin isə reanimasiya şöbəsində olduğu qeyd edilir.
Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Çorum valisi Mustafa Çiftçi ilə telefonla danışaraq baş vermiş hadisə ilə bağlı məlumat alıb.