Yasamal və Xəzər rayonlarında mağazalardan oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birindən dekabrın 11-nə keçən gecə oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 – Zəng Mərkəzinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, məlumatla əlaqədar dərhal Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İnşaatçılar prospektində yerləşən mağazadan 12 min manat dəyərində üç ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.

Oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri A.Abdullayev və T.Qurbanov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 27-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Dekabrın 12-də isə Xəzər rayonunun Qala qəsəbəsi ərazisindəki mağazaların birindəki seyfdən 1000 manat pulun oğurlanması barədə 1-ci polis şöbəsinə müraciət daxil olub.

Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Share: